BAKI, 6 fevral. TELEQRAF
Yaponiyanın şimal bölgələrində və Yapon dənizi sahillərində yanvarın 20-dən bəri davam edən güclü qar nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın Yanğın və Xilasetmə Xidmətinin açıqladığı rəsmi statistika məlumatlarında deyilir.
Məlumata görə, qış mövsümünün əvvəlindən bəri ölkə üzrə qarın fəsadları nəticəsində həyatını itirənlərin ümumi sayı 65 nəfərə yüksəlib. Ölənlər arasında qar təmizləyərkən damdan yıxılanlar, həmçinin yolların və cığırların təmizlənməsi zamanı halı pisləşən şəxslər də var.
Ən çox ölüm halı Niqata prefekturasında qeydə alınıb – 15 nəfər. Akita prefekturasında 8 nəfər, Akita və Aomoridə isə hərəsində 5 nəfər həyatını itirib. Hokkaydoda 4 ölüm halı qeydə alınıb. Ölüm faktları həmçinin Naqano, Şimane, İvate, Fukui və Kioto prefekturalarında da qeydə alınıb.
Bundan əlavə, qar yağışlarının nəticəsində 444 nəfər xəsarət alıb. Onlardan 156-sının vəziyyətinin ağır olduğu bildirilir.
Son həftələr xüsusilə Niqata, Hokkaydo, Akita və Yamaqata prefekturalarında güclü qar yağışları müşahidə olunur. Əhaliyə yardım məqsədilə bölgələrə hərbi bölmələr cəlb edilib.
Sinoptiklərin proqnozlarına görə, qar yağışları yaxın günlərdə, o cümlədən fevralın 8-də - parlamentin aşağı palatasına keçiriləcək seçkilər günü daha da güclənə bilər.