BAKI, 25 mart. TELEQRAF

Seneqal Futbol Federasiyası (FSF) 2025-ci il Afrika Millətlər Kubokunun finalının nəticəsi ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti ünvanlayıb.

Teleqraf xəbər verir ki, buna səbəb Seneqal tərəfinin Afrika Futbol Konfederasiyasının (CAF) martın 18-də qəbul etdiyi qərardan narazı qalmasıdır.

Belə ki, CAF Mərakeş Futbol Federasiyasının (FRMF) apellyasiyasını təmin edərək, Seneqal yığmasına texniki məğlubiyyət verib və Mərakeş millisini turnirin qalibi elan edib.

Martın 25-də CAS-da qeydə alınan apellyasiya şikayətində Seneqal tərəfi CAF-ın qərarının ləğvini və yığmanın Afrika Millətlər Kubokunun qalibi kimi tanınmasını tələb edir.

Xatırladaq ki, Seneqal və Mərakeş milliləri arasında final görüşü 2026-cı il yanvarın 18-də Rabatda keçirilib. Oyunun əsas vaxtının sonlarında seneqallı futbolçular qapılarına təyin olunan penaltiyə etiraz olaraq meydanı tərk ediblər. Təxminən 15 dəqiqəlik fasilədən sonra onlar geri qayıdıblar. Yekun hesabda Seneqal qələbə qazanaraq tutnirin qalibi olmuşdu.