BAKI, 25 mart. TELEQRAF
İran rəhbərliyi ABŞ-nin danışıqlarla bağlı təklifinin tələ ola biləcəyini düşünür.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, Tehran tərəfi ABŞ-nin Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərməsini narahatlıqla qarşılayır.
Məlumata görə, İran nümayəndələri Pakistan, Misir və Türkiyədən olan vasitəçilərə bildiriblər ki, ABŞ hərbçilərinin regiona yerləşdirilməsi onların şübhələrini daha da artırıb və sülh danışıqları təklifinin tələ ola biləcəyini düşünürlər.
Qeyd olunur ki, İran tərəfi əvvəlki danışıqlar zamanı hücumların baş verdiyini xatırladaraq yenidən aldadılmaq istəmədiyini vurğulayıb.
Xəbərdə bildirilir ki, ABŞ-nin təqdim etdiyi 15 maddəlik plan danışıqlar üçün əsas kimi nəzərdən keçirilir. Vaşinqton bu vasitə ilə Tehranın hansı güzəştlərə hazır olduğunu müəyyənləşdirmək istəyir.
Mənbənin sözlərinə görə, ABŞ administrasiyası eyni zamanda İrana qarşı əməliyyatın quru mərhələsinə keçid imkanını da nəzərdən keçirir, lakin bu barədə yekun qərar verilməyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp son günlər İranla konstruktiv danışıqlar aparıldığını bildirsə də, İran Xarici İşlər Nazirliyi bu iddiaları təkzib edib.