BAKI, 29 yanvar. TELEQRAF

Bağdadda ABŞ səfirliyi qarşısında yüzlərlə iraqlı şiənin iştirakı ilə etiraz aksiyası keçirilib. Etirazçılar ABŞ Prezidenti Donald Trampın İraqın daxili işlərinə müdaxiləsini pisləyiblər.

Teleqraf xəbər verir ki, bu barədə "Naharnet" xəbər portalı məlumat yayıb.

Məlumata görə, aksiya iştirakçıları İraqın sabiq baş naziri, “Əd-Dəava” İslam Dəvəti Partiyasının lideri Nuri əl-Malikinin yenidən baş nazir postuna namizədliyini dəstəklədiklərini bəyan ediblər.

Bildirilir ki, Bağdadın hökumət qurumlarının yerləşdiyi “yaşıl zona”ya daxil olan etirazçılar ABŞ bayrağını və Donald Trampın təsviri olan plakatı yandırıblar.

Xatırladaq ki, yanvarın 27-də Donald Tramp bəyan edib ki, əgər Nuri əl-Maliki yenidən İraqın baş naziri seçilərsə, ABŞ bu ölkəyə göstərdiyi dəstəyi dayandıracaq. Tramp 2006–2014-cü illərdə hökumətə rəhbərlik etmiş, İranmeyilli siyasətçi kimi tanınan əl-Malikinin yenidən baş nazir olması halında İraqın xaos və yoxsulluğa sürüklənəcəyini iddia edib. Onun sözlərinə görə, ABŞ-nin dəstəyi olmadan İraqın uğur, rifah və azadlıq şansı olmayacaq.

"Naharnet" yazır ki, bu ultimatumdan sonra Nuri əl-Maliki namizədliyini geri götürmək niyyətində olmadığını və şiə partiyalarının əksəriyyəti tərəfindən dəstəkləndiyini bildirib. Bununla belə, Trampın bəyanatı İraq siyasi elitasında ciddi narahatlıq yaradıb.

Məlumata görə, Vaşinqtonla mümkün böhranın qarşısını almaq məqsədilə hazırda kompromis variant müzakirə olunur. Bu variant ABŞ-ni qane edən hazırkı baş nazir Məhəmməd əs-Sudanin səlahiyyət müddətinin uzadılmasını nəzərdə tutur.

Qeyd edək ki, İraq Konstitusiyasına əsasən, ölkədə prezident postu kürdlərə, baş nazir vəzifəsi şiə icmasına, parlament sədri postu isə sünnilərə məxsusdur.