BAKI, 29 yanvar. TELEQRAF
UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda keçirilən “Benfika” - “Real Madrid” matçında futbol tarixinin ən dramatik hadisələrindən biri yaşanıb.
Teleqraf xəbər verir ki, oyunun 90+8-ci dəqiqəsinə qədər hesab 3:2 “Benfika”nın xeyrinə olsa da, bu nəticə Portuqaliya klubuna pley-offa yüksəlmək üçün kifayət etmirdi.
Paralel oyunların nəticələrinə görə, lissabonlulara mütləq iki top fərqi ilə qələbə lazım idi, əks halda onlar turniri 25-ci pillədə başa vuraraq mübarizəni dayandırırdılar.
Məhz bu həlledici anda səhnəyə ukraynalı qapıçı Anatoli Trubin çıxıb. Son saniyələrdə təyin olunan cərimə zərbəsi zamanı baş məşqçi Joze Mourinyonun tapşırığı ilə rəqib cərimə meydançasına yollanan Trubin, hündürboylu müdafiəçiləri qabaqlayaraq baş zərbəsi ilə Tibo Kurtuanın qapısına tarixi qolu vurub və hesabı 4:2 edib.
Joze Mourinyo matçdan sonra keçirdiyi mətbuat konfransında həmin anları belə təsvir edib: “Dəyişikliklər edərkən elə bilirdim ki, 3:2 hesabı bizi növbəti mərhələyə çıxarır. Cəmi bir neçə saniyə sonra mənə dedilər ki, xeyr, bu bəs deyil. Xoşbəxtlikdən cərimə zərbəsi qazandıq və mən Trubini irəli göndərdim. O, bu möhtəşəm, tarixi qolu vurdu. Stadiona gələnlər və bu anı görənlər onu heç vaxt unutmayacaqlar”.
Bununla da Anatoli Trubin Çempionlar Liqası tarixində qol vuran 5-ci qapıçı kimi tarixə düşüb.
Qeyd edək ki, ukraynalı qolkiperin bu zərbəsi olmasaydı, “Benfika” 9 xalla 25-ci pillədə qalacaqdı. Bu qol sayəsində Portuqaliya təmsilçisi top fərqini yaxşılaşdıraraq turnir cədvəlində “Marsel”i keçib və 24-cü yerə yüksələrək pley-offa vəsiqə qazanıb.