BAKI, 29 yanvar. TELEQRAF
Kolumbiyada itkin düşən "Beechcraft 1900" tipli sərnişin təyyarəsinin qəzaya uğradığı müəyyən edilib. Təyyarədə olan 15 nəfərin hamısının həlak olduğu bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə Kolumbiyanın “El Tiempo” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, qəza yerindən əldə olunan ilkin məlumatlar sağ qalanın olmadığını göstərir.
“Təyyarənin qəzaya uğradığı ərazidən daxil olan ilkin məlumatlara əsasən, hadisə nəticəsində sağ qalan yoxdur”, – deyə materialda qeyd olunur.
Qeyd edək ki, "Satena" aviaşirkətinə məxsus təyyarə Kukuta–Okaniya marşrutu üzrə uçuş həyata keçirirmiş.
Təyyarənin göyərtəsində Kolumbiya parlamentinin deputatı Diogenes Kintero, eləcə də deputatlığa namizəd Karlos Salsedo da olub.
01:06
Kolumbiyada daxili reys həyata keçirən təyyarə ilə əlaqə kəsilib.
Teleqraf xəbər verir ki, bu barədə Kolumbiyanın "Satena" aviaşirkəti "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, Kukuta-Okanya marşrutu üzrə "NSE 8849" reysini yerinə yetirən təyyarə yanvarın 28-də yerli vaxtla saat 11:54-də hava hərəkətinin idarə edilməsi xidməti ilə sonuncu dəfə əlaqə saxlayıb.
Aviaşirkətin məlumatına görə, "SEARCA" şirkəti tərəfindən istismar edilən "Beechcraft 1900" tipli, HK4709 qeydiyyat nişanlı təyyarənin göyərtəsində 13 sərnişin və 2 ekipaj üzvü olmaqla ümumilikdə 15 nəfər olub. Təyyarənin təyinat məntəqəsinə Bakı vaxtı ilə saat 21:05 radələrində enməsi planlaşdırılırdı.
"Satena" fövqəladə vəziyyət protokolunu aktivləşdirib. Kolumbiya Hərbi-Hava və Kosmik Qüvvələrinin İdarəetmə Mərkəzi və Mülki Aviasiya İdarəsi ilə koordinasiyalı şəkildə təyyarənin yerinin müəyyənləşdirilməsi üçün axtarış işləri aparılır.