BAKI, 29 yanvar. TELEQRAF

Danimarka, ABŞ və Qrenlandiya nümayəndələri arasında keçirilən görüşdə Arktikada təhlükəsizlik məsələləri müzakirə olunub.

Teleqraf xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, yanvarın 28-də tərəflər ABŞ-ni narahat edən Arktika təhlükəsizliyi məsələlərinin Danimarka Krallığının “qırmızı xətləri”nə riayət olunmaqla necə həll edilə biləcəyi barədə fikir mübadiləsi aparıblar.

Məlumatda qeyd olunur ki, yanvarın 14-də Vaşinqtonda Danimarkanın xarici işlər naziri Lars Lyokke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Viviann Motsfeldt ABŞ-nin vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə görüşüblər. Daha sonra Rasmussen bildirib ki, bu məsləhətləşmələr zamanı Danimarka ABŞ-ni Qrenlandiyanı özünə birləşdirmək niyyətindən daşındıra bilməyib.

Görüşdə tərəflər adanın gələcəyi ilə bağlı qarşılıqlı anlaşmanın mümkünlüyünü araşdırmaq məqsədilə mütəmadi toplaşacaq işçi qrupunun yaradılması barədə razılığa gəliblər.