BAKI, 29 yanvar. TELEQRAF
İran ABŞ ilə nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün ədalətli razılaşmanı hər zaman dəstəkləyib və buna can atıb.
Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Nazir “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, Tehran qarşılıqlı faydaya əsaslanan, ədalətli və bərabərhüquqlu nüvə sazişinin tərəfdarıdır.
“İran heç bir məcburiyyət, təhdid və qorxutma olmadan, bərabər şərtlər əsasında əldə olunan, ölkəmizin dinc nüvə texnologiyalarından istifadə hüququnu təmin edən və nüvə silahının mövcudluğunu istisna edən razılaşmanı hər zaman alqışlayıb”, – deyə Əraqçi vurğulayıb.
Bununla yanaşı, o qeyd edib ki, İran 12 günlük müharibədən lazımi dərslər çıxarıb və İslam Respublikasının silahlı qüvvələri istənilən təcavüzə dərhal və qətiyyətlə cavab verməyə hazırdır.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İran nümayəndələrinin danışıqlar masasına əyləşərək nüvə silahından imtinanı nəzərdə tutan saziş imzalayacağına ümid etdiyini bildirib. Əks halda, Amerika lideri Tehrana qarşı 2025-ci ilin iyununda baş verən hadisələrdən daha ağır hərbi zərbə endirilə biləcəyi ilə hədələyib.