BAKI, 29 yanvar. TELEQRAF

İran ABŞ tərəfindən ediləcək istənilən aqressiv addımı genişmiqyaslı müharibənin başlanğıcı kimi qiymətləndirəcək və Tehranın cavabı gecikməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə İranın ali lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şamxani "X" sosial şəbəkəsində paylaşım edib.

“Limitli zərbə anlayışı bir illüziyadır. ABŞ-nin istənilən nöqtədən və istənilən səviyyədə həyata keçirəcəyi hərbi əməliyyatlar müharibənin başlanğıcı kimi qəbul ediləcək və cavab tədbirləri dərhal görüləcək”, - deyə Şamxani bildirib.

Onun sözlərinə görə, İranın cavabı yalnız ABŞ və İsrailə deyil, bu aqressiyanı dəstəkləyən digər ölkələrə qarşı da yönələcək.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İran nümayəndələrinin danışıqlar masasına əyləşəcəyinə və nüvə silahından imtinanı nəzərdə tutan razılaşma imzalayacağına ümid etdiyini bildirmişdi.