BAKI, 29 yanvar. TELEQRAF
“Əfsuslar olsun ki, böyük hesabla məğlub olduq. Amma buna baxmayaraq, növbəti mərhələyə yüksəldikləri üçün futbolçularımı təbrik edirəm”.
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının VIII turunda İngiltərədə “Liverpul”a 0:6 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis komandasının turnirdəki çıxışını belə dəyərləndirib: “Geridə qalan 8 oyunumuzu analiz etsək, çox əziyyət çəkdik və çox risklərə getdik. Futbolçularım ən azından pley-offa yüksəlməyi haqq etdilər. Bu gün daha yaxşı çıxış edə bilərdik, bu bizim oyunumuz deyildi. Hər bir halda layiqli məğlub olduq və layiqli də ilk 24-lükdə yer aldıq. Xalqımızı təbrik edirəm, onlar bizim mərhələ adlayacağımızı gözləyirdilər”.
Qurbanov rəqibi də təbrik etməyi unutmayıb: “Get-gedə rəqiblərimiz daha da güclənir. Qarşıda bizi daha böyük oyunlar gözləyir. "Liverpul"un baş məşqçisi Arne Slotu və komandasını birbaşa 1/8 final mərhələsinə yüksəldikləri üçün təbrik edirəm”.
Baş məşqçi “Qarabağ”ın mümkün rəqibləri barədə danışıb: “Püşkatmanı gözləyəcəyik. Həm PSJ, həm də “Nyukasl”ın özünəməxsus oyun üslubları var. Hansı komanda bizə düşsə, çalışacağıq ki, daha yaxşı hazırlaşaq”.
O, “Liverpul”a məğlubiyyəti belə şərh edib: “Futbolçularımı başa düşürəm. Səkkiz rəqibimiz arasında rahat olanı yox idi. Geridə qalan oyunlarda futbolçular çox güc sərf etmişdilər. Onlarda arxayınlıq da ola bilərdi - düşünürdülər ki, 10 xalla artıq mərhələ adlamışıq. “Liverpul”un və bu stadionun da təsiri var idi. Amma məncə, bir də oynasaq, bundan daha yaxşı çıxış edəcəyik. Matçdan sonra futbolçularla söhbətimizdə də qeyd etdik ki, daha yaxşı oynamağa qadirik. Onlar həm bu məğlubiyyətə görə üzülürlər, həm də pley-offa yüksəldiyimiz üçün sevinirlər”.