BAKI, 4 mart. TELEQRAF

Teleqraf.az-ın müsahibi Çapar - Milli İrsin Tədqiqi Mərkəzinin sədri, tarixçi Dilqəm Əhməddir.

- Dilqəm bəy, 40 yaşı haqlamısınız. Bu yaşda özünüzü necə hiss edirsiniz?

- Adətən, deyirlər ki, 40 yaş gəncliyin qocalığı, qocalığın da gənclik mərhələsidir. Sanki hər keçiddə insan bir az qəribələşir. Mənə görə ən gözəl yaş 20-lərdir. Etiraf edim ki, 30-a da, 40-a da keçəndə kədərləndim. Uşaqlıqda 40 yaşlı insanlar mənə həddindən artıq qoca təsir bağışlayırdı. Amma indi özüm o yaşa çatdım. Düşünürəm ki, təbiət öz işini görsə də, insan ruh halı ilə gəncliyini qoruya bilər.

- Hansı uşaqlıq xatirəniz hələ də canlıdır?

- 1985-ci ildə İrəvanda doğulmuşam, qaçqın statusu daşıyıram. 1988-ci il hadisələri vaxtı ailəlikcə Naxçıvana gəldik, qısa bir müddət orada qaldıq. Yadımdadır, o şəhərdə gördüyüm bir heykəli heyranlıqla izləmişdim.

Naxçıvandan Sumqayıta, oradan da Bakıya köçmüşük. İrəvana aid gözümün önündə xəyalən bir qapı var. Təəssüf ki, başqa heç nə xatırlamıram. İnsanın öz doğulduğu yeri görə bilməməsi çox faciəvidir. Xüsusilə, yaşa dolduqca bu hiss insana güc gəlir. Uşaqlıq dövrümün dostu, qardaşımı itirməyim həyatımın sonrakı illərinə böyük təsir göstərdi. Hələ də onun yoxluğunu hiss edirəm. Bəlkə də, bir gün onunla bağlı xatirələrimi qələmə alaram.

- Uzun illər Türkiyədə yaşadınız. Bir az oradakı həyatınızdan danışaq.

- Bəli, 9 il İstanbulda yaşadım. Həqiqətən, uzun zamandır. Oradan gözəl xatirələrlə qayıtmışam. Zərrə qədər peşman deyiləm. Bu illər ərzində çox şey qazandım. Həm ixtisasım, həm gördüyüm işlər, həm də çevrə ilə bağlı. Türkiyədə yaşasam da, bir ayağım yenə Bakıdaydı. Tətillərdə, özəl günlərdə fürsət olduqca bura gəlirdim. Ona görə də mənə zəng edənlərin ilk sualı bu olur: “Burdasan, yoxsa orda?”.

İstanbul turistlər üçün səs-küylüdür, çünki gəzmək niyyəti ilə gələn insanlar görməli yerlərə gedirlər. O yerlər də həmişə izdihamlı olur. Nyu-Yorkda, Parisdə, yoxsa İstanbuldasan, bilinmir. Amma İstanbulda yaşadıqca orada özünə sakit, kiçik bir dünya qura bilirsən. Çox qəribə yerdir. Mən bir müddət Kadıköydə, bir müddət isə Üsküdarda yaşadım. İkisi də bir-birinə bitişik bölgədir. Biri çox mühafizəkar, digəri isə çox moderndir. Sənə hansı uyğundursa, orada yaşa bilirsən. Bir insanın İstanbulu tamamilə gəzib qurtara biləcəyinə inanmıram.

- Orada hədəfinizə çata bildiniz?

- Bakıdan gedəndə çox həyəcanlı idim. Düşünürdüm ki, təhsil alıb qısa zamanda geri dönəcəyəm. Həyat elə gətirdi ki, zaman kəsimi uzandı. Bunu məqsədli şəkildə uzatdım. Çünki oradan doymaq mümkün deyildi, eyni zamanda həvəslə məşğul olduğum Azərbaycanın mühacirət tarixi ilə bağlı çox qiymətli mənbələrə daha yaxın idim. Təhsillə bağlı məqsədimə çatdım, oradan tarix üzrə fəlsəfə elmləri doktoru olaraq qayıtdım.

- Dilqəm bəy, qiymətli mənbələr əldə etdiniz?

- Günüm daha çox kitabxana, arxiv və insanlarla görüşdə keçirdi. Əhməd bəy Ağaoğlunun nəvəsi Tektaş bəylə, Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımla, Almas İldırımın oğlu Azər bəylə, Əhməd Cəfəroğlunun qızı Nazan xanımla, Cümhuriyyət tələbəsi İsmayıl Saryalın oğlu Nuri bəylə, Məhəmməd Kəngərlinin qızı Sevil xanımla, İrəvan xanlarının nəslindən Turxan bəylə, Güvən xanımla, Xoyskilərin nəslindən Kərim Mehmedzadə ilə, həmçinin digər mühacirətə getmiş şəxslərin övladları ilə tanış olmaq, onlarla uzun-uzun söhbət etmək şansım oldu.

Azərbaycana yüzlərlə yeni material gətirdim. Heç kimin görə bilmədiyi şəxsi arxivlərdə çalışırdım. Oradan qiymətli məktublar, sənədlər, şəkillər üzə çıxırdı. İstanbuldan qayıtmağıma ən çox buna görə kədərlənirəm. Çünki hər şeyi telefonla, sosial media ilə idarə etmək olmur. Hər görüş mənə başqa bir arxivin qapısını açırdı, görüşdüyüm insanların çoxunun 80-90 yaşı olardı, onlar mənə yaradıcılıq baxımından böyük stimul verirdi. Elmi işimi yaşadığım yerə yaxın kitabxanada yazdım. Xəyalım elə bir kitabxananı Bakıda yaratmaqdır.

- Necə kitabxana idi?

- İslam Araşdırmaları Mərkəzinin kitabxanası idi. Üç mərtəbəli, böyük yerdir. İstədiyin kitabı sıra gözləmədən gedib götürə bilirsən. Səhər saat 9-dan axşam 11-ə qədər işləyirdim. Mən oradan işıqlar sönəndən sonra çıxırdım. Ora mənə zəngin bir qaynaq bəxş etdi.

İstanbulda 9 ildə o qədər material yığmışam ki, 10 il mənə bəsdir. Bir günə 1600 şəkil çəkdiyim olub.

- Bu qədər materialı sığdırmağa məkanın olmaması ilə bağlı çağırış edirsiniz. Bu istiqamətdə yenilik varmı, geri dönüş olub?

-Təəssüf ki, hələ sosial mediada yazdıqlarıma münasibət bildirilməyib.

- Yalnız sosial media ilə kifayətlənmisiniz?

- Yəqin ki, rəsmi şəkildə də müraciət edəcəyəm. Çünki ən böyük arzularımdan biri “Milli irs” adlı muzey açmaqdır. Göstərmək istəyirəm ki, insan bacardığı zaman bir muzeylik material toplaya bilər. İstəyirəm bu, ənənəyə çevrilsin. Türkiyədə fərdi muzeylərin olduğunu görəndə bu arzumun reallaşa biləcəyinə inamım artdı. Ümumiyyətlə, mənim muzey təsəvvürüm sadəcə şüşənin altına qoyulan materiallardan ibarət deyil. Ora əşyaların sərgiləndiyi, eyni zamanda böyük kitabxana olan tədris kompleksi olmalıdır. Evdə zəngin kitabxanam var. 9 ildə vətənə mindən çox kitab gətirmişəm. Hamısı qiymətli, ilk mənbələrdir. İstəyirəm bundan hamı yararlansın.

- Tarixə, ümumiyyətlə kolleksiya toplamağa marağınız necə başlayıb?

- Gözümü açandan evdə tarix kitabları görmüşəm. Atam İrəvandan Naxçıvana gedib qiyabi tarix oxumuşdu.

Kolleksiya toplamağa marağım isə ilk dəfə 12-13 il əvvəl ustadım dediyim Ruslan Rəhimovun mənə orijinal fotoşəkil hədiyyə etməsiylə başladı. Bu, Əhməd bəy Ağaoğlunun şəkli idi. Sonra o mənə belə dəyərli materialları əldə etmənin yolunu, harada, necə satıldığını izah etdi. Beləcə, xəzinənin qapısı açıldı. Türkiyəyə gedəndən sonra daha da rahat oldu. Çünki orada auksionlarda Azərbaycana aid həddindən artıq çox material satılır.

- O dəyərli materialları əldə etmənin yolunu bir az da bizə öyrədin.

- Bu işdə auksionların rolu danılmazdır. Mənim kolleksiyamın bir qismi hədiyyələr, böyük hissəsini isə auksionlardan əldə etdiklərim təşkil edir. Türkiyədə dövlət təqaüdçüsü idim. Təqaüdümün yarısından çoxu materiallara sərf olunurdu.

- İndiyədək nə qədər xərcləmisiniz?

- Təxmini 10 min dollardan çox məbləğ xərclənib. Təbii ki, ala bilmədiyim materiallar da çox olub. Təəssüfləndiyim odur ki, İstanbulda yüzlərlə azərbaycanlı iş adamı olsa da, heç biri bu işə dəstək göstərmədi.

- Türkiyədə auksion necə təşkil olunur?

- Ümumiyyətlə, orada auksion sahəsi çox güclüdür. Eyni zamanda 100-ə yaxın sayt bu işlə məşğuldur, prosesi rahat izləmək mümkündür. Türkiyədə Azərbaycana aid materiallara çox maraq göstərmədiklərinə görə auksionlarda qiymətlər çox da yüksəlmirdi.

- Belə dəyərli materiallar auksionlara necə gedib çıxır?

- Bunun tək bir yolu var. Bizdən öncə kolleksiya kimdə idisə, o insan vəfat edib və ailəsi onu satıb. Mən bu kolleksiyanı min bir zəhmətlə yığmışam. Həmişə düşünürəm ki, kolleksiya övlada əmanət edilməyəcək qədər önəmlidir. Onu əvvəl-axır bir yerə bağışlamaq lazımdır. Yoxsa məndən sonrakılar onu dağıdacaq. Buna görə sağlığımda kolleksiyanın taleyini düşünməliyəm. Bunun üçün də muzey yaratmalıyam.

- Hazırda materiallarınızdan hər hansı muzeyə verməyi düşünürsünüz?

- Şuşada Əhməd bəy Ağaoğlu ilə bağlı muzeyin açılması təşəbbüsü ilə çıxış etmişəm. Müraciət etmişəm ki, əgər həmin muzey açılarsa, Ağaoğlunun nəvəsinin mənə hədiyyə etdiyi və özümün auksionlardan aldığım arxivi o muzeyə təhvil verəcəyəm. Onu da deyim ki, o muzey yaradılsa, Azərbaycandan oraya material verəcək yeganə adam da mənəm.

- Arxivinizdə ona aid nələr var?

- Mənim arxivimdə Əhməd bəy Ağaoğlunun əlyazma gündəliyi, 50-ə yaxın fotoşəkli, Ağaoğlu ailəsinə aid minə yaxın sənəd var. Hamısı ailədən götürülüb. Ağaoğlu Sovet dövründə qadağan edilmiş insan idi. Müstəqillik dövründə isə Şuşa tez işğal olundu. Buna görə də onun adına heç nə olmadı. İndi tam vaxtıdır.

- Son illərdə aldığınız ən qiymətli material hansıdır?

- Cümhuriyyət dönəminə aid xarici pasport. Həmin dövrdə İstanbul Universitetində oxuyan bir tələbəyə verilib. Tələbə vətənə qayıdanda artıq hökumət dəyişmişdi deyə o pasport orada qalmışdı. Yaşıl rəngdədir, üzərində keçmiş surğuclu möhür və tələbənin şəkli yerləşir. Pasportun içərisində Təhsil Nazirliyinin onun tələbə olduğunu təsdiqləyən sənədi və bir neçə şəkil vardı. Bunu auksionda əldə etmişdim, qiymətli mənbədir.

- Ən son hansı materialı əldə etmisiniz?

- Ən son əldə etdiyim material Azərbaycan Cümhuriyyətinin Parisə göndərdiyi nümayəndə heyətinin orada çap etdiyi Azərbaycan xəritəsidir. Onun orijinalını gətirə bilmişəm. Həmin xəritədə Zəngəzur bölgəsi də bizim tərkibimizdə göstərilib.

- Başqa hansı maraqlı materiallarınız var?

- Cümhuriyyət dönəmində parlament açılanda hər bir deputata xatirə yaxa jetonu vermişdilər. Ondan bir nümunə məndə var. Həmçinin o dönəmə aid teatr afişi, qatar bileti, Cümhuriyyətin rəssam çəkən orijinal gerbi də məndədir. O zaman hökumət bir müsabiqə elan edib. Knyaz nəslindən olan Şervaşidze adında abxaz həmin rəsmi çəkib, qazanıb. Onu bizim mühacirlər Türkiyəyə gedəndə özləri ilə aparıblar. Rəsulzadənin arxivi satılan yerdən almışdım.

- Ən baha materialınız neçəyədir?

- Ən baha aldığımız Rəsulzadənin dəfn albomu idi. İçərisində 30-a yaxın fotoşəkil var idi. Dəfn prosesinin tamamı çəkilmişdi. Onu 1200 dollara aldıq.

- Aldıq deyəndə kimləri nəzərdə tutursunuz?

- 2016-ci ildən feysbukda kampaniyalar keçirirdim. Avropada yaşayan yeni nəsil mühacirlərdən pul toplamışdım. İanələr əldə etmişdim. Bir neçə belə kampaniya oldu, bir neçə dəfə də bankdan kredit çəkdim. Türkiyəyə gedəndən sonra təqaüdümdən istifadə etdim. İndi isə çətinliyə düşəndə dost-tanışa müraciət edirəm ki, qiymətli material əldən çıxmasın.

- Heç satdığınız olub?

- Satmamışam, amma bəzi təkrarı olan kiçik şeyləri muzeylərə hədiyyə etmişəm.

- Əvvəllər sərgi keçirərdiniz, bəs indi?

- Otuza yaxın sərgi keçirmişəm. Daha sərgilərdən yorulmuşam. Hər dəfə daşıyanda mütləq ki, materiallara zərər dəyir.

- Ən yaddaqalan sərginiz hansıdır?

- Ötən il mayın 28-də sərgi tariximin kulminasiyası oldu. Nyu-Yorkda BMT-nin binasında sərgim keçirildi. Bunu Azərbaycan-Amerika Ticarət Palatası və oradakı səfirliyimiz təşkil etmişdi. Ondan bir gün öncə isə həmin palatanın ofisində sərgim oldu. Apardığım materiallarda köhnə qəzetlər var idi, onları yapışdırmışdıq. Qoparanda zərərçəkənlər oldu.

- Bəs ilk sərginiz hansı olub?

- İlk sərgimi “Torqovı”da Tolstoy küçəsindəki ofislərin birində zirzəmi kimi bir yerdə etmişdim. Həmin vaxt 5-6 materialım var idi. Amma 10 il sonra sərgimi həm Vaşinqtonda, həm də Nyu-Yorkda keçirdim. Bu, həmişə mənə uğur hekayəsi kimi görünüb.

- Sərgilərinizə maraq sizi qane edir?

- Əlbəttə, qane edir. Özəl liseylərin birində şagirdlərin marağına heyran qalmışdım. Mənə çox maraqlı suallar ünvanlamışdılar. ADA Universitetindəki sərgi də gənclər arasında rəğbətlə qarşılanmışdı. Bu sərgilərin yaradıcılığıma çox faydası oldu, amma artıq muzey açılmalıdır. Fürsətdən istifadə edib iş adamlarına müraciət etmək istəyirəm. Həm materialların, həm də muzey yerinin alınmasına dəstək olsunlar. Çünki onlar üçün bu, heç nədir. Bizim xəyalımız başqasının iki dodağı arasındadır. Milli burjuaziyanın həsrətindəyəm. Ölkəmizdə də, kənarda da zəngin insanlar həddindən artıq çoxdur. İstəyəndə Bakıda 100 dənə obyekt açırlar. Belə işə də dəstək ola bilərlər.

- Bir az da kitablarınızdan danışaq.

- Bu yaxınlarda Türkiyədə Əhməd bəy Ağaoğlunun məqalələrindən ibarət kitabım çıxdı. İstanbulda 2024-cü ildə həyatımın ən böyük kitabı "Son mənzili İstanbul olan azərbaycanlılar" adlı kitabım nəşr edilib. Bu mənim İstanbuldakı bütün əziyyətimin bəhrəsi idi. Kitabda doğum yeri Azərbaycan, vəfat yeri İstanbul olan azərbaycanlıların məzar yerlərinin şəkilləri verilib, həyat hekayələri yazılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin xətti ilə konsulluğumuz o kitabı böyük albom formatında çap etdi. Kitabda 500-dən çox sənəd, şəkil var. İstanbuldakı Konsulluğumuz orada çox yaxşı təqdimat da keçirdi. Bakıdan dəyərli yazıçımız, AYB sədri Anar, Bosniyadan hörmətli səfirimiz Vilayət Quliyev, SOCAR-ın əməkdaşları, İstanbulda olan dərnək sədrlərimiz dəvət edilmişdilər. Həyatımın ən xoşbəxt günlərindən biri idi. Bir ilk kitabım çıxanda elə həyacanlanmışdım, bir də orada. İndi onun Ankara qismini hazırlayıram. Bu kitabı 3 hissəli düşünmüşəm. İstanbul və Ankara çox idi deyə ayrı etdim. Bir də ümumi Türkiyə var. Məsələn, İzmirdə, Bursada çəkmişəm. Orada da həyat hekayələri, qiymətli şəkillər var. Qarsda, Iğdırda da gəzmişəm. Qarsda da bir xatirəm var. Məzarlar zamanla aşağı çökür, baş daşı yuxarıda qalır. Və mən baş daşı şəklini çəkmək üçün məzarın içinə girmişdim. Ətraf binalardakı insanların mənə necə qəribə baxdıqlarını təsəvvür etmək çətin deyil.

- Hazırda hansı kitabların üzərində işləyirsiniz?

- Bu yaxınlarda Diasporla İş üzrə Dövlət Komitəsinin layihəsi olan Üzeyir bəy Hacıbəyli ilə bağlı kitabı bitirdim. Türkiyədə çıxacaq. Hacıbəylinin əsərlərinin 1919-cu ildən 1989-cu ilə qədər Türkiyədəki səhnə həyatını yazmışam. Çox qiymətli kolleksiya ilə fotoşəkillər var. Muğam ustadımız Məşədi Məmməd Fərzəliyev 1928-ci ildə Türkiyəyə getdikdən sonra qayıtmayıb. Orada musiqi heyəti qurub. Onun səs yazılarını da tapmışam. Hətta “Çırpınırdı Qara dəniz”i oxuyur. Həmin heyətin çoxlu orijinal fotoşəklini də tapmışam. Hətta o heyətdə xeyli qadın da olub. Bu kitabda onlara geniş yer vermişəm. Olduqca maraqlıdır. İndi İrəvandan köçlərlə bağlı da bir layihəmiz var. Qərbi azərbaycanlı mühacirlərlə bağlıdır. Mədəniyyət Nazirliyinin layihəsidir. Onu hazırlayıram. May ayında bitməlidir.

- İndiyi qədər nə qədər məzar aşkarlamısınız?

- Dövlət xadimlərimizdən adi insanlara kimi 200-ə qədər məzar şəkli çəkmişəm.

- Məzar yerlərini təsbit edərkən hansı çətinliklərlə üzləşmisiniz?

- Noyabr ayında Ankarada olanda bir günə 20 məzar daşının şəklini çəkdim. Məzarlıqdan çıxanda artıq yeriyə bilmirdim. Orada başıma çox hadisələr gəlib.

- Məsələn...

- Deməli, siyahı üzrə məzarları çəkmişdim, sadəcə biri qalmışdı. Ona görə də növbəti gün yenidən məzarlığa getmək istəmirdim. Axşam artıq hava qaralanda telefonun fənəri ilə axtarmağa başladım. Elə yorulmuşdum, məzarlığın hansı hissəsində olduğumu bilmirdim. Hər tərəfdən it səsi gəlirdi, hər yer də məzar idi. Məni vahimə basdı, ilk dəfə idi ki, qorxdum. Üstəlik nəzarətçilər gedəndə biri mənə vəhşi heyvanların olduğunu və ehtiyatlı olmağımı deyib getmişdi. Nəysə, əlimə çubuq alıb o tərəfə -bu tərəfə oynatdım. Uzaqdan bir maşın işığı gördüm. Əlimdəki çubuğu yelləməyə başladım. Maşın mənə çatmağa 500 metr qalmış döndü. Düşündüm, çıxış həmin tərəfdədir. Ora doğru qaçdım. Ürəyim sürətlə döyünürdü. Mən məzarlıqlarda goreşənin nə olduğunu görmüşəm. Heyvan dəlik açıb məzarın içinə girirdi. Tövsiyə edirəm ki, məzarlığa yayda getməsinlər. Çünki hər cürə heyvan olur.

- “Çapar”da işlər necə gedir?

- Bizim nəşriyyatın spesifik xüsusiyyəti tarix kitabları çap etməkdir. Mövzuları daha çox özümüz seçirik, müraciət əsasında deyil. Hamısı peşəkar formada hazırlanır, çoxunda özüm iştirak edirəm. İndiyədək Vilayət Quliyevin, Ədalət Tahirzadənin, Boran Əzizin, Əkbər Nəcəfin kitabları çıxıb. Yaxşı müəlliflərimiz var. Bir kitab 500 ədəd çıxırsa, 2 ilə satıla bilir. Təəssüf ki, bu sahədə ümumi durğunluq var.

Jurnalın isə ötən il mətbuatımızın 150 illiyi ilə bağlı yeni sayı çıxdı. Ondan sonra çıxarmamışıq. Artıq ənənəvi media yoxa çıxmaqdadır. İnsanlar hər şeyi telefonla oxuyurlar. Buna görə bəzən özümü köhnəlmiş hiss edirəm. İşin marketinq tərəfi bilmədiyimiz sahədir. Amma ümumi kitab bazarı çox sönükdür. Söhbət Azərbaycan dilində olan kitablardan gedir. Bizdə istənilən kitab mağazasında rus və türk dillərində olan kitablar bazarın 70-80%-i təşkil edir. Həqiqət budur ki, insanlar Azərbaycan dilində kitab almaq istəmirlər.

- Sizcə, buna səbəb nədir?

- Bir çox səbəbi var. Məsələn, yerli yazıçını bəyənməmək məsələsi var. Daha böyük problem isə tərcümədədir. Yəqin, oxucu nəyisə haqlı bilir ki, qəbul etmir. Ölkədə oxucu var, sadəcə rusca və türkcə kitabları alırlar. Həmin kitablar da çox satılır və baha olur.

- Nəşriyyat işinə başlamaq istəyənlərə tövsiyəniz nədir?

- Gənc iş adamlarına tövsiyə edirəm ki, nəşriyyat işlərinə girməsinlər. Çünki burada böyük gözlənti yoxdur. Sadəcə çoxlu pulları varsa, əlavə iş kimi xalqa xidmət etmək məqsədilə bunu edə bilərlər. Mən bu işə girəndə çoxlu pul qazanacağımı düşünmürdüm. Amma ziyan edəcəyimi də gözləmirdim. Daha çox ziyan gördük.

- Süni intellektə münasibətiniz necədir? Onun imkanları sizi qorxutmur ki?

- Münasibətim çox yaxşıdır və işimdə xeyli gərəyim olur. Tarixi fotoların bərpa edilməsi, türk dilində qrammatikanın tənzimlənməsi, akademik qaynaqların sürətli tapması işlərini onunla görürəm. Həqiqətən də, işimi çox yüngülləşdirir, mənə faydalıdır.

Bu yaxınlarda bir kitabı azərbaycanca səsləndirməsini istədim. Bir xanım səsi ilə səsləndirdi. Vurğu, diksiya çox yerində idi, heyrətləndim. Amma Azərbaycan dilində olan mətnlər tamamilə sünidir, çünki bununla bağlı bazası çox azdır. Məktəbli inşa yazırmış kimi cavablayır. Amma o da təkmilləşəcək. Məsələn, “ChatGPT” əvvəlki vaxtından indiyədək çox inkişaf edib. Bəzi peşələri, sahələri insanların əlindən alacaq. Çox insan hiss etmir, amma ən böyük təhlükədə olan müəllimlik fəaliyyətidir. Bunun nəticəsində özünəqapalı, aqressiv nəsil yetişəcək. Uşaqlığı 1990-ci illərdə keçən insanlar hər şeyə keçidi özü gördü. İndiki nəsil isə birbaşa bunu görür və alternativ yoxdur. Nə qədər qarşı çıxsaq da, iş buna doğru gedir. Köhnə nəsil üçün bu dəyişiklik ağlasığmaz gəlir.

- Bəs siz bu illər ərzində özünüzdə hansı dəyişikliyi hiss etmisiniz? Hansı fikirləriniz dəyişib?

- İstanbulda COVİD19-a yoluxan zaman ağır dönəm keçirdim. Şansım gətirmişdi, dövlət hesabına təcili yardım məni lüks xəstəxanaya aparmışdı. Bir dəfə də əməliyyat keçirdim. Həmin dönəmlərdə hər şey mənasını itirmişdi. Anladım ki, insanın səhhəti, sağlamlığı çox önəmlidir. İndi bir az etinasız olmuşam, hər şeyi ürəyimə salmıram, çox pul dərdi çəkmirəm.

- Gələcək planlarınız nələrdir?

- Muzey xaricində həyata dair böyük planlar qurmuram. Çünki həmişə qəribə şəkildə qapılar özü açılır. Azərbaycanda plan, strategiya qurmaq olmur. Möcüzələrə inanıram. Həyatda anı yaşamaq və fürsətləri dəyərləndirmək üçün yaşayıram.

- Bəs ailə həyatı qurmaq planınız var?

- Qismət olsa, bu il düşünürəm. Həyatımın xanımını tapmışam. Münasibətlərdə sevgi, qarşılıqlı anlayış çox vacibdir. O mənada hər şey yolundadır.