BAKI, 11 yanvar. TELEQRAF
İsrail ordusu mart ayında Qəzza zolağında yeni genişmiqyaslı hücum əməliyyatına başlamaq üçün planlar hazırlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
Məlumata görə, hücumun Qəzza şəhəri istiqamətində aparılması planlaşdırılır. Əməliyyatın əsas məqsədi İsrailin anklav daxilində nəzarət etdiyi ərazini hazırkı “sarı xətt”dən kənara doğru genişləndirməkdir. İsrailli rəsminin sözlərinə görə, bu planlar artıq hərbi strukturlar tərəfindən hazırlanıb.
Nəşrə danışan, adı açıqlanmayan ərəb ölkələrindən birinin diplomatı bildirib ki, İsrail ABŞ-nin razılığı və dəstəyi olmadan bu əməliyyata başlaya bilməz. Onun sözlərinə görə, Vaşinqton 2025-ci ilin oktyabrında Qəzzada əldə olunmuş kövrək atəşkəs rejimini qorumağa və böhranın nizamlanması planının ikinci mərhələsinə keçməyə çalışır. Bu mərhələ radikal Fələstin hərəkatı HƏMAS-ın silahlı birləşmələrinin tərksilah edilməsini nəzərdə tutur.
Diplomat əlavə edib ki, İsrailin baş naziri Benyamin Netanyahu atəşkəsin saxlanılması məsələsində ABŞ-lə əməkdaşlıq etsə də, HƏMAS-ın tərksilahının mümkünlüyünə inanmır. Bu səbəbdən o, gözlənilməz ssenarilər üçün hərbi strukturlara alternativ fəaliyyət planları hazırlamaq göstərişi verib.