BAKI, 8 yanvar. TELEQRAF

Norveçin baş naziri Yonas Qar Store ABŞ-nin Qrenlandiya ilə bağlı iddiaları fonunda krallıq üçün Danimarka ilə birgə mövqe nümayiş etdirməyin vaxtının çatdığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Norveçin NRK teleradioşirkəti məlumat yayıb.

Baş nazirin sözlərinə görə, yaranmış vəziyyət artıq ciddi xarakter alıb:

“İndi Danimarka ilə birləşməyin vaxtıdır. Danimarkanın baş naziri Mette Frederiksen mənə son olaraq dedi ki, artıq hər şey ciddidir’”, – deyə Store vurğulayıb.

NRK-nın məlumatına əsasən, Norveç və Danimarka hökumət başçıları 6 yanvar tarixində Parisdə Qrenlandiya ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlər üçün keçirdiyi müntəzəm brifinqdə bildirib ki, ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın satın alınması imkanlarını administrasiya daxilində aktiv şəkildə müzakirə edir. Qrenlandiyanın güc yolu ilə ələ keçirilməsi ehtimalına münasibət bildirən Livitt qeyd edib ki, Tramp bütün mümkün variantları nəzərdən keçirir, lakin diplomatik yolun onun üçün prioritet olduğunu vurğulayıb.

Donald Tramp daha əvvəl dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin vacibliyini bəyan edib. O, hələ ilk prezidentlik dövründə adanın satın alınmasını təklif etmiş, 2025-ci ilin martında isə Kopenhagenin razılıq verməyəcəyi halda ticarət rüsumları ilə hədələyərək Qrenlandiyanın anneksiya oluna biləcəyini iddia etmişdi. Mette Frederiksen bu iddiaları qətiyyətlə rədd edərək, Qrenlandiyanın Danimarka Krallığının ayrılmaz hissəsi olduğunu bəyan edib.

Qeyd edək ki, Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazi statusuna malikdir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın müdafiəsi haqqında saziş imzalayıb. Həmin sənədə əsasən, ABŞ adanı mümkün xarici təhdidlərdən qorumaq öhdəliyini üzərinə götürüb.