BAKI, 9 yanvar. TELEQRAF
Böyük Britaniyanın müdafiə büdcəsində yaxın dörd il ərzində 37,6 milyard dollar həcmində kəsir yaranacağı barədə ölkənin baş naziri Keir Starmerə xəbərdarlıq edilib.
Teleqraf xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Starmer təqdim olunan məlumatdan ciddi narazı qalıb. Çünki o, 2 iyun 2025-ci ildə təqdim olunan milli müdafiə üzrə strateji icmalda nəzərdə tutulan bütün xərclərin artıq hesablandığını düşünürdü. Sözügedən sənəddə Rusiya London üçün birbaşa və təxirəsalınmaz təhlükə kimi qiymətləndirilib.
Bu fonda Böyük Britaniya hökuməti müdafiə xərclərini hazırkı 2,3% səviyyəsindən 2027-ci ilədək 2,5%, 2034-cü ilədək isə 3%** ÜDM səviyyəsinə çatdırmağı hədəflədiyini təsdiqləyib.
Məqalədə qeyd olunur ki, Starmer müdafiə xərcləri planının yenidən təhlil olunması barədə göstəriş verib. Yeni sənəddə strateji icmalda verilən vədlərin necə icra olunacağı ətraflı şəkildə əksini tapmalıdır. Bu sənədin 2025-ci ilin dekabrında dərc edilməsi planlaşdırılsa da, indi onun ən tez 2026-cı ilin martında açıqlanacağı gözlənilir.
Kəsirin əsas səbəbləri kimi inflyasiya, hərbçilərin maaşlarının artması göstərilir. Eyni zamanda, hökumətin bu kəsiri hansı mənbələr hesabına aradan qaldıracağı hələlik aydın deyil.