BAKI, 7 yanvar. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio Argentinanın xarici işlər naziri Pablo Kirno ilə telefon danışığında Vaşinqtonun Venesuelaya qarşı keçirdiyi əməliyyatı müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini Tommi Piqott yazılı açıqlama verib.

Açıqlamada bildirilir ki, Rubio ABŞ-nin Venesueladakı fəaliyyətini hüquq-mühafizə sahəsində dəqiq əməliyyat adlandırıb. O, həmçinin Argentinanın narkoterrorizmlə mübarizə və regionda təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində davamlı əməkdaşlığına görə Kirnoya təşəkkür edib.

Piqottun sözlərinə görə, Rubio eyni gün Belçikanın baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevo ilə də Venesueladakı vəziyyəti müzakirə edib. Tərəflər narkotiklərin yayılmasına qarşı əməkdaşlığın əhəmiyyəti və Qəzza zolağı üzrə sülh danışıqlarının gedişi barədə fikir mübadiləsi aparıblar.