BAKI, 1 yanvar. TELEQRAF

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Rusiyanı Baltik dənizində mühüm infrastruktura ziyan vurmaqda ittiham edib.

Teleqraf xəbər verir ki, Aİ sözçüsü bu barədə "X"də məlumat yayıb.

Kallas yazıb ki, Avropanın vacib infrastrukturu hələ də yüksək təxribat riski altındadır.

Kallas Ukraynadakı silahlı münaqişənin başlanğıcından bəri bu cür hadisələrin açıq tendensiya xarakteri aldığını bildirib.

Qeyd edək ki, Finlandiya polisi Tallinn və Helsinki arasında Elisa sualtı telekommunikasiya kabelinə zərər vurmaqda şübhəli bilinən "Fitburg" gəmisini saxlayıb və onun ekipaj üzvlərini həbs edib.

"Sent-Vinsent və Qrenadin" bayrağı altında üzən gəminin heyəti 14 nəfərdən — Rusiya, Gürcüstan, Azərbaycan və Qazaxıstan vətəndaşlarından ibarətdir. Mediada yayılan məlumatlara görə, Rusiyanın Finlandiyadakı səfirliyi heyət üzvlərinə kömək göstərir.