BAKI, 1 yanvar. TELEQRAF

ABŞ tərəfindən dənizdə təxminən iki həftədir təqib olunan köhnə neft tankeri "Bella 1"in gövdəsində primitiv formada Rusiya bayrağı təsvir edilib.

Teleqraf xəbər verir ki, ABŞ rəsmiləri bunu gəmi heyətinin Rusiya himayəsinə sığınmaq cəhdi kimi qiymətləndirir.

Yeni nişanı ABŞ Sahil Mühafizəsinin əməkdaşları aşkar ediblər. Sahil Mühafizəsi hazırda tankeri təxminən yarım mil məsafədən izləyir. Gəmi Venesueladan uzaqlaşaraq Atlantik okeanında hərəkət edir.

Rusiya bayrağının dəqiq nə vaxt çəkildiyi məlum deyil. "Bella 1" tankeri dekabrın 21-dən bəri ABŞ-nin nəzarətindən yayınmağa çalışır. Həmin gün Sahil Mühafizəsi gəmini Venesuelaya neft yükləməyə gedərkən saxlamaya cəhd edib, lakin tanker Karib dənizində geri dönərək qaçmağa başlayıb.

ABŞ rəsmilərinin bildirdiyinə görə, gövdəyə kobud şəkildə çəkilmiş bayraq gəmi heyəti tərəfindən əlavə edilib. Tanker ABŞ sanksiyaları altındadır və İran neftinin daşınmasında iştirak etməkdə ittiham olunur. Hadisə barədə ilk olaraq "The New York Times" məlumat yayıb.

Qeyd olunur ki, "Bella 1" əvvəlcə Qayana bayrağı altında üzürmüş, lakin bu qeydiyyatın etibarsız olduğu bildirilib. Gəminin hazırkı statusu beynəlxalq "Equasis" məlumat bazasında “naməlum” kimi göstərilir. Rusiya bayrağına istinad edilməsi tankerin müsadirəsi ilə bağlı hüquqi prosedurları daha da çətinləşdirə bilər.

ABŞ administrasiyası artıq tankerin Venesuelaya qayıdaraq neft yükləyəcəyini gözləmir. İstisna edilmir ki, Donald Tramp administrasiyası gəminin ələ keçirilməsi cəhdindən tamamilə imtina etsin. Bununla belə, Ağ Evdən göstəriş gələrsə, xüsusi dəniz əməliyyatları üzrə təlim keçmiş qruplar müsadirə üçün hazır vəziyyətdə saxlanılır.

ABŞ-nin bu addımları Trampın Venesuela neft tankerlərinə qarşı elan etdiyi “blokada” çərçivəsində atılır. Vaşinqton hesab edir ki, Venesuela prezidenti Nikolas Maduronun əsas iqtisadi dayağı olan neft sektoruna təzyiq onun hakimiyyətdən uzaqlaşdırılması üçün ən effektiv yoldur.

Bu həftə ABŞ Maliyyə Nazirliyi Venesuela neft sektoruna təzyiqi artıraraq daha dörd neft şirkətinə sanksiya tətbiq edib və dörd tankeri “bloklanmış əmlak” elan edib. Rəsmilərin sözlərinə görə, həmin gəmilər Maduro rejiminin maliyyələşdirilməsində iştirak edir.