Birləşmiş Ərəb Əmirlikləri ( BƏƏ ) Yəmənin Hadramaut əyalətindəki beynəlxalq hava limanından hərbi qüvvələrini çıxarmağa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "EFE" agentliyi Yəmənin beynəlxalq səviyyədə tanınmış hakimiyyət orqanlarına istinadən məlumat yayıb .
Yəmən mediasının məlumatına görə, yüzlərlə hərbçini daşıyan BƏƏ-nin dörd hərbi nəqliyyat təyyarəsi artıq hava limanından yola düşüb.
Bu ərəfədə Yəmən Prezident İdarəetmə Şurasının rəhbəri Rəşad Məhəmməd əl-Əlimi BƏƏ ilə birgə müdafiə müqaviləsini ləğv etmək qərarına gəlib .
Bundan əlavə, Yəmən hakimiyyəti Birləşmiş Ərəb Əmirliklərindən bütün qüvvələrini və texniki heyətini respublikadan çıxarmağı tələb edib. Bu proses 24 saat ərzində başa çatdırılmalıdır.
Dekabrın 30-da Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin Mukalla limanındakı yüklərə hava hücumları həyata keçirib . Liman Hadramaut əyalətində yerləşir. Hədəf BƏƏ-dən respublikaya gələn iki gəmidən boşaldılmış silah və hərbi texnika olan konteynerlər olub.
Yəməndə vəziyyət dekabr ayında Cənubi Yəmənin müstəqilliyini bərpa etməyə çalışan Cənub Keçid Şurasının (STC) genişmiqyaslı hücumundan sonra kəskin şəkildə gərginləşdi. Ayın sonuna qədər ölkə tamamilə dağılmaq və vətəndaş müharibəsinin yeni mərhələsi ərəfəsində idi.