BAKI, 1 yanvar. TELEQRAF
ABŞ-nin Texas ştatının Makkallen şəhərində tanınmış iş adamı və ştat qubernatoru Qreq Ebbottun təyin etdiyi məmur güllələnərək öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə yerli polis orqanları məlumat yayıb.
Məlumata görə, hadisə Rio-Qrande vadisində, Meksika sərhədinə yaxın Makkallen şəhərində yerləşən biznes obyektlərindən birində baş verib. Polis qətlə yetirilən şəxsin 61 yaşlı Eddi Betankort olduğunu açıqlayıb.
Hüquq-mühafizə orqanları bildiriblər ki, şənbə günü günortadan sonra “North Ware Road” küçəsində yerləşən obyektdən daxil olan təcili çağırış əsasında hadisə yerinə gediblər. Polis əməkdaşları Betankortu huşsuz, nəbzsiz və güllə yarası ilə aşkarlayıb. Onun hadisə yerində öldüyü müəyyən edilib.
Faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi başlanılıb.
Polis bazar günü 60 yaşlı Reynaldo Mata-Riosu qətldə şübhəli şəxs kimi elan edib. Makkallen Bələdiyyə Məhkəməsi Mata-Rios barəsində birinci dərəcəli ağır cinayət olan qətl maddəsi ilə həbs qərarı çıxarıb.
Məlumata görə, şübhəli şəxs könüllü təslim olacağını bildirsə də, bazar günü günortaya qədər bu baş verməyib. Polis onun axtarışının davam etdiyini açıqlayıb.
Qeyd edək ki, Eddi Betankort 2020-ci ildə Texas qubernatoru Qreq Ebbott tərəfindən "Texas Facilities Commission"a üzv təyin edilib. O, 2023-cü ildə yenidən bu vəzifəyə gətirilib və səlahiyyət müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.
Betankort eyni zamanda bir neçə tikinti və ticarət şirkətinin rəhbəri, eləcə də Hidalgo dairəsinin qiymətləndirmə şurasının üzvü olub.
Hazırda hadisənin motivi açıqlanmayıb. İstintaq davam edir.