BAKI, 1 yanvar. TELEQRAF
Qvineyada hərbi xuntanın rəhbəri Mamadi Dumbuiya müxalifətin seçkiləri boykot etməsindən sonra prezident seçilib.
Teleqraf xəbər verir ki, bu barədə AFP ölkənin Seçki Komissiyasına istinadən məlumat yayıb.
Məlumata görə, 41 yaşlı Dumbuiya keçirilən prezident seçkilərinin birinci turunda səslərin 86,72 faizini toplayaraq inamlı qələbə qazanıb. Seçici fəallığı isə 80,95 faiz təşkil edib. Bu göstərici ikinci turun keçirilməsini zəruri edən həddi xeyli üstələyib.
Qeyd olunur ki, Dumbuiya prezidentlik uğrunda səkkiz namizədlə mübarizə aparsa da, əsas müxalifət liderlərinin seçkilərdə iştirakı qadağan edilib. Onlar tərəfdarlarını səsverməni boykot etməyə çağırıblar.
Xunta rəhbərinin namizədliyi onun daha əvvəl verdiyi vədi pozması kimi qiymətləndirilir. Belə ki, Dumbuiya 2021-ci ildə hakimiyyəti ələ keçirdikdən sonra seçkilərdə iştirak etməyəcəyini və 2024-cü ilin sonuna qədər ölkəni mülki idarəetməyə qaytaracağını bəyan etmişdi.
Rəsmi nəticələrə əsasən, Dumbuiya paytaxt Konakri də daxil olmaqla ölkənin bir çox bölgəsində 80 faizdən yuxarı səs toplayıb.
Bununla yanaşı, mülki hakimiyyətin bərpasını tələb edən vətəndaş hərəkatları seçkilərin legitimliyini şübhə altına alıb. “Qvineyalıların böyük əksəriyyəti bu seçki tamaşasını boykot etdi”, – deyə Konstitusiyanın Müdafiəsi üzrə Milli Cəbhə bəyan edib.
Xatırladaq ki, Mamadi Dumbuiya 2021-ci ilin sentyabrında çevriliş edərək Qvineyanın ilk demokratik yolla seçilmiş prezidenti Alfa Kondeyi devirmişdi. Sonrakı dövrdə ölkədə etiraz aksiyaları qadağan edilib, bir sıra müxalifətçilər saxlanılıb və ya ölkəni tərk etməyə məcbur olub.
Qeyd edək ki, 2025-ci ilin sentyabrında keçirilən referendumla qəbul edilən yeni konstitusiya xunta üzvlərinin seçkilərdə iştirakına imkan verib və prezidentlik müddətini beş ildən yeddi ilə qədər uzadıb. Müxalifətin əsas fiqurlarından biri, sabiq baş nazir Sello Dalen Diallo isə ölkə xaricində yaşadığı üçün seçkilərə buraxılmayıb.