BAKI, 1 yanvar. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron 2027-ci ildə başa çatacaq səlahiyyət müddətinin sonunadək dövlət başçısı vəzifəsində qalacağını bəyan edib.
Teleqraf xəbər verir ki, Makron bu barədə Yeni il münasibətilə vətəndaşlara müraciətində bildirib.
“Son saniyəyədək işləyəcəyəm, hər gün Fransa vətəndaşlarının mənə etibar etdiyi mandata layiq olmağa çalışacağam”, – deyə Fransa prezidenti vurğulayıb.
Makron qarşıdan gələn prezident seçkilərində namizəd olmayacağını da qeyd edib. Onun sözlərinə görə, 2026-cı ilin sonlarında 2027-ci il prezident seçkilərinə hazırlıq başlayacaq və bu, son on ildə ilk kampaniya olacaq ki, o, iştirak etməyəcək.
Fransa prezidenti seçkilərin sakit və şəffaf şəraitdə, xüsusilə hər hansı xarici müdaxilə olmadan keçirilməsi üçün əlindən gələni edəcəyini bildirib.
Makron qarşıdakı ilin əsas vəzifələrindən danışarkən yanvarın ilk həftəsində hökumət və parlamentin dövlət büdcəsinin təsdiqi ilə bağlı razılığa gəlməli olduğunu da vurğulayıb.
Qeyd edək ki, Emmanuel Makron 2017-ci ildən Fransa prezidentidir. Ölkə konstitusiyasına əsasən, o, üçüncü müddətə namizədliyini irəli sürə bilməz.