BAKI, 1 yanvar. TELEQRAF
ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində beynəlxalq sularda narkotik alverçiləri tərəfindən istifadə edildiyi iddia olunan üç gəmiyə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Açıqlamada bildirilir ki, hücum nəticəsində üç nəfər ölüb. Kəşfiyyat məlumatlarına əsasən, gəmilər Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı üçün tanınmış marşrut üzrə hərəkət edib və narkotik maddələrin ötürülməsi ilə məşğul olub.
Cənub Komandanlığının məlumatına görə, həlak olan üç nəfər gəmilərdən birinin göyərtəsində olub. Digər iki gəmidə olan şəxslər isə hücumdan əvvəl qayıqları tərk edərək ərazidən uzaqlaşıblar. Bundan sonra ABŞ hərbçiləri gəmiləri batırıb və insanların axtarışı və xilas edilməsi üçün Sahil Mühafizəsinə məlumat verilib.