BAKI, 31 dekabr. TELEQRAF

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya-Ukrayna münaqişəsinə dair Avropa İttifaqı və Ukraynanın milli təhlükəsizlik müşavirləri ilə məsləhətləşmələr aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Uitkoff "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

"Dövlət katibi Marko Rubio və sahibkar Cared Kuşnerlə birlikdə biz Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirləri Conatan Pauell, Emmanuel Bonn və Günter Satter, habelə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rüstəm Umerovla sülh prosesində növbəti addımların irəliləməsi üçün səmərəli söhbətlər apardıq",- Uitkoff qeyd edib.

Uitkoffun sözlərinə görə, müharibə bitdikdən sonra Ukraynanın çiçəklənməsi üçün atılacaq addımlar müzakirə olunub: "Bir çox əlavə detallar müzakirə olundu və biz bu mühüm işi və koordinasiyanı Yeni ildə də davam etdirəcəyik".