BAKI, 26 dekabr. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio Kambocanın baş naziri Hun Manet ilə telefon danışığında Vaşinqtonun Pnompen və Banqkok arasında döyüşlərin dayandırılması üzrə dialoqa dəstək verməyə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini Tommi Piqott yazılı açıqlama yayıb.

Onun sözlərinə görə, Rubio söhbət zamanı Kamboca və Tayland arasında davam edən zorakılıqdan narahatlığını ifadə edib. Dövlət katibi, həmçinin ABŞ Prezidenti Donald Trampın sülhə sadiqliyini və Kuala-Lumpur sülh razılaşmalarının tam icrasının vacibliyini vurğulayıb.

“Dövlət katibi Rubio bir daha təsdiqləyib ki, ABŞ Kamboca və Tailand arasında sülh və sabitliyin təmin olunmasına yönəlmiş danışıqlara yardım göstərməyə hazırdır”, - Piqott qeyd edib.

Qeyd edək ki, Kamboca-Tayland toqquşmalar 7 dekabrda başlayıb.