BAKI, 18 dekabr. TELEQRAF

Avropa İttifaqının Rusiyaya məxsus aktivlərin istifadəsi ilə bağlı apardığı hazırlıq danışıqları geriyə doğru inkişaf edir.

Teleqraf xəbər verir ki, bu barədə Belçikanın Aİ-dəki daimi nümayəndəsi Peter Murs məlumat verib. Onun sözlərinə görə, Aİ səfirləri arasında aparılan müzakirələr zamanı prosesin irəliləmədiyi, əksinə geriyə getdiyi aydın olub.

"Biz geriyə gedirik", - deyə Peter Murs digər daimi nümayəndələrlə müzakirələr zamanı bildirib.

“Politico” nəşri Belçika diplomatının bu açıqlamasını sensasion adlandırıb.

Qeyd edək ki, daha əvvəl Belçikanın xarici işlər naziri Maksim Prevo xəbərdarlıq etmişdi ki, lazımi hüquqi və maliyyə təminatları olmadan dondurulmuş Rusiya aktivlərindən istifadə edilməsi krallıq üçün ciddi iqtisadi fəsadlara, hətta iqtisadi çöküşə səbəb ola bilər.