BAKI, 13 dekabr. TELEQRAF

Hazırda Türkiyə Silahlı Qüvvələrinin Qəzzaya göndərilməsi və mümkün xarici sabitləşdirici missiyada iştirakı ilə bağlı Ankaraya hər hansı rəsmi müraciət daxil olmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

"Bu məsələ ilə bağlı bizə hələlik heç bir təklif və ya müraciət edilməyib. Yalnız bu mövzuda müəyyən görüşlərin keçiriləcəyi barədə söz-söhbətlər eşidirik. Əgər bu cür görüşlər sülh naminə təşkil olunarsa, biz istənilən vaxt iştirak etməyə hazırıq",- o deyib.

Bununla yanaşı, Türkiyə Prezidenti İsrailin Qəzzada atəşkəs rejimini pozmaqda davam etdiyini qeyd edib:

"Təəssüf ki, İsrail öz öhdəliklərini yerinə yetirmir. Humanitar yardıma çıxışla bağlı problemlər hələ də qalır. İsrailin verdiyi vədlərə əməl etməsi, atəşkəs rejiminə tam riayət etməsi və Qəzzada həyatın normal axarına qayıtmasına imkan yaratması son dərəcə vacibdir".

Ərdoğanın sözlərinə görə, hazırkı mərhələdə Qəzzada mənzil probleminin təcili həlli və əhalinin əsas ehtiyaclarının ödənilməsi zəruridir:

"Bunun üçün İsrailin yaratdığı təhlükəsizlik problemləri aradan qaldırılmalıdır. Türkiyə isə heç vaxt üzərinə düşən məsuliyyətdən yayınmayacaq".