BAKI, 11 dekabr. TELEQRAF
ABŞ tərəfindən Ukrayna münaqişəsinin həlli üçün hazırlanmış sülh planında demilitarizə olunmuş zonanın bəzi hissələrinin beynəlxalq səviyyədə Rusiya ərazisi kimi tanınması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sülh planı layihəsində həmçinin demilitarizə olunmuş zonada Rusiya qoşunlarının olmayacağı vurğulanır.
"Ukrayna rəsmiləri planın hazırkı versiyasında demilitarizə olunmuş zonanın şərq sərhədindən Rusiya qoşunlarının çıxarılması ilə bağlı konkret müddəanın olmadığına dair narahatlıq ifadə edirlər. Bundan əvvəl ABŞ‑nin ilkin təklifi 28 maddədən ibarət olub və onun müəyyən müddəaları Ukrayna tərəfindən qəbuledilməz hesab edilib. Bu da plan üzərində yenidən işlənmələrə səbəb olub",- məlumatda qeyd edilib.
ABŞ planıyla bağlı danışıqlar davam edir və planın detalları tərəflər arasında razılaşdırılmağa çalışılır.