BAKI, 5 dekabr. TELEQRAF
"Netflix" şirkəti "Warner Bros" studiyasını 82,7 milyard dollara satın aldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Açıqlamaya görə, "Netflix" "Warner Bros"un səhmlərini 27,75 dollar qiymətlə alacaq. Ümumi dəyəri 82,7 milyard dollar olan əməliyyatın 12–18 ay ərzində tamamlanacağı gözlənilir. Bu, "Warner Bros. Discovery"nin 2026-cı ilin üçüncü rübündə öz "Discovery Global" televiziya şəbəkələri bölməsini ayrıca struktura çıxarmasından sonra mümkün olacaq.
Sövdələşmə "Netflix" üçün böyük strateji addım hesab olunur. Razılaşmaya əsasən, striminq nəhəngi "Warner Bros." studiyasının film buraxılışı ilə bağlı bütün müqavilə öhdəliklərinə əməl edəcəyini öhdəsinə götürür.
İnvestorlarla görüşdə "Netflix" rəhbərliyi bildirib ki, bu alış şirkətə daha çox abunəçi cəlb etməyə və səhmdar gəlirlərini artırmağa kömək edəcək.
Analitiklərin fikrincə, "Netflix" "Warner Bros"un geniş striminq və kino kontenti hesabına öz platformasını daha da gücləndirəcək.