BAKI, 29 noyabr. TELEQRAF

ABŞ Dövlət Departamenti bütün Əfqanıstan pasportu sahiblərinə vizaların verilməsini dayandırıb.

Teleqraf xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bildirib.

"ABŞ üçün öz ölkəmizin və xalqımızın təhlükəsizliyini təmin etməkdən daha vacib bir məsələ yoxdur", - Rubio qeyd edib.

O, qərarın Prezident Donald Tramp administrasiyası tərəfindən milli təhlükəsizlik məqsədilə qəbul edildiyini vurğulayıb.

Xatırladaq ki, noyabrın 26-da Vaşinqton şəhərində, Ağ Ev yaxınlığında Milli Qvardiya hərbçilərinə qarşı silahlı hücum baş vermişdi. Hücum zamanı iki hərbçi yaralanmışdı. Həmin hərbçilərdən biri xəstəxanada dünyasını dəyişmişdi. Hərbçilərə atəş açan şəxsin Əfqanıstan vətəndaşı Rahmanulla Lakanval olduğu məlum olmuşdu.

Bu hadisəni terror aktı kimi qiymətləndirən ABŞ hökuməti miqrantlara qarşı sərt qərarlar almağa başlayıb. Əfqanıstan pasportu sahiblərinə vizaların verilməsinin dayandırılması qərarının da Vaşinqtondakı silahlı insidentdən sonra verildiyi bildirilir.