BAKI, 25 noyabr. TELEQRAF
ABŞ və İsrail tərəfindən dəstəklənən Qəzzaya Humanitar Yardım Fondu (GHF) fəaliyyətini rəsmən dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə fondun mətbuat xidməti məlumat yayıb.
“Fəaliyyətimizi başa vurarkən arxada münaqişə zonalarında humanitar yardımın necə təşkil oluna biləcəyinə dair sınaqdan keçmiş bir model qoyuruq. Bu model çevikliyə, yerli tərəfdaşlığa və şəffaflığa əsaslanır,” - fond sosial şəbəkə X-də yaydığı açıqlamada bildirib.
GHF-in məlumatına görə, dörd ay yarımlıq fəaliyyət dövründə Qəzza sakinlərinə ümumilikdə 187 milyon porsiya ərzaq çatdırılıb və paylanılıb.
Xatırladaq ki, İsrail hökumətinin qərarı ilə mart ayından iyulun sonunadək sektora beynəlxalq humanitar yardımın daxil olmasına tam qadağa qoyulmuş, bütün keçid məntəqələri bağlanmışdı. Bu müddətdə ərzağın bölgüdən yeganə mexanizmi məhz GHF-in yaratdığı paylama məntəqələri olub.