BAKI, 25 noyabr. TELEQRAF

“Binance”ın qurucusu Çanpen Çjao HƏMAS-a milyonlarla dollar ötürməyə kömək etməkdə ittiham olunur.

Teleqraf xəbər verir ki, bu abrədə “RIA Novosti” məlumat yayıb.

ABŞ məhkəməsində irəli sürülən iddiaya görə, kriptovalyuta birjası “Binance”ın qurucusu və keçmiş rəhbəri Çanpen Çjao 7 oktyabr 2023-cü ildə İsrailə edilən hücumdan sonra HƏMAS hərəkatına milyonlarla dolların ötürülməsinə bilavasitə kömək edib.

“Financial Times” qəzetinin məlumatına görə, ABŞ-ın federal məhkəməsinə təqdim olunan iddia sənədində bildirilir ki, hücum zamanı yaxınları öldürülmüş, yaralanmış və ya girov götürülmüş Amerika vətəndaşları Çjao və “Binance” platformasını HƏMAS və Hizbullah kimi təşkilatlara şüurlu şəkildə maliyyə dəstəyi verməkdə ittiham edirlər. İddiada qeyd olunur ki, Binance vasitəsilə həyata keçirilən transferlər həmin vəsaitlərin mənbəyini və istiqamətini gizlətməyə imkan verib.

Bildirildiyinə görə, bu transferlər “Binance”ın 2023-cü ilin noyabrında ABŞ-ın sanksiyalarının və çirkli pulların yuyulmasına qarşı qanunvericiliyinin pozulması ilə bağlı ittihamları aradan qaldırmaq üçün 4,3 milyard dollardan çox cərimə ödəməyə razılaşmasından sonra da davam edib.

Xatırladaq ki, Çanpen Çjao çirkli pulların yuyulmasına qarşı qanunları pozduğunu əvvəllər qəbul edib və dörd ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Lakin o, 2023-cü ilin oktyabrında ABŞ Prezidenti Donald Tramp tərəfindən əfv olunub.

“Forbes” jurnalının məlumatına görə, Çjaonun sərvəti təxminən 86 milyard dollar təşkil edir. 2017-ci ildə Binance birjasını təsis edən Çjao bu gün də onun əsas pay sahibi olaraq qalır. O, həmçinin Tramp ailəsinin kriptovalyuta sektoruna yatırımları kontekstində də xatırlanır. Belə ki, keçən il Trampın oğulları Erik və Donald C. Tramp “World Liberty Financial” adlı şirkət yaradıblar.