BAKI, 23 noyabr. TELEQRAF
ABŞ administrasiyası Ukrayna üçün yeni sülh təşəbbüsünü aktiv şəkildə irəli sürür və amerikalı nümayəndələrin yaxın günlərdə Cenevrədə prezident Volodimir Zelenski ilə görüşü gözlənilir. Vaşinqton planın dəyişdirilə biləcəyini və Kiyevə ultimatum olmadığını bildirir.
Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" mənbələrinə istinadən yazır.
Məlumata görə, sənəd 28 bənddən ibarətdir və hazırki variantda Ukrayna üçün bir sıra çətin qərarlar nəzərdə tutur. ABŞ rəsmiləri təhlükəsizlik zəmanətlərinin “hələ kifayət qədər güclü olmadığını” etiraf ediblər.
Planın əsas mübahisəli məqamları arasında Ukrayna ordusunun sayının məhdudlaşdırılması və Donetsk bölgəsinin bir hissəsindən geri çəkilmə ilə bağlı təkliflər yer alır.
Vaşinqton iddia edir ki, təşəbbüs Rusiyanın xeyrinə deyil və ABŞ sülh əldə olunduğu halda Ukraynanın müdafiəsini daha da gücləndirməyə hazırdır.
Eyni zamanda Avropa İttifaqı və Böyük Britaniya da ABŞ-nin sülh planı üzrə yüksək səviyyəli danışıqlarda iştirak etməyə razılıq verib.