BAKI, 15 noyabr. TELEQRAF

Yaponiya hökuməti Çinlə münasibətlərin son gərginliyə baxmayaraq yenidən konstruktiv və sabit məcraya qayıdacağını gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə hakim Liberal-Demokrat Partiyasının siyasi şurasının sədri Takayuki Kobayaşi jurnalistlərə açıqlama verib.

Gərginlik Yaponiyanın baş naziri Sanae Takaçinin Tayvanla bağlı səsləndirdiyi fikirlərdən sonra, Çinin buna sərt reaksiya göstərməsi ilə başlayıb. Pekin hətta öz vətəndaşlarına Yaponiyaya səfərlərlə bağlı xəbərdarlıq edib.

Kobayaşi bildirib ki, Tokio vəziyyətə sakit və ölçülü yanaşmalıdır.

“Dialoqu davam etdirəcəyik və münasibətləri konstruktiv, sabit vəziyyətə qaytarmaq üçün çalışacağıq,” - o deyib.

Eyni zamanda, Yaponiya hökumətindən bir mənbə bildirib ki, Çinin bu addımı Tokio üçün gözlənilməz olub. Onun sözlərinə görə, Yaponiya Pekinə izah etməkdə davam edəcək ki, baş nazirin sözləri təxribat xarakteri daşımır və Tayvanla bağlı ölkənin uzunmüddətli mövqeyi ilə üst-üstə düşür.