BAKI, 15 noyabr. TELEQRAF

ABŞ administrasiyası BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında beynəlxalq hərbi kontingent üçün mandatı nəzərdə tutan qətnamənin gələn həftənin əvvəlində qəbul olunacağını gözləyir. Qətnamə qəbul edildikdən sonra stabilizasiya korpusunun fəaliyyətinə dair detalların müzakirəsinə başlanılacaq.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" öz mənbələrinə istinadla məlumat yayıb.

Adı açıqlanmayan amerikalı rəsmilərin bildirdiyinə görə, bütün prosesin başlanması üçün ilk növbədə qətnamənin qəbul edilməsi vacibdir.

“Ölkələr qətnamənin dəqiq mətnini görmədən öhdəlik götürməyəcəklər”, - ABŞ rəsmisi bildirib.

Digər diplomatik mənbə ABŞ-nin öz qoşunlarını Qəzzaya göndərmək niyyətində olmadığını deyib. Nəşrin məlumatına görə, Vaşinqton Avropa ölkələrinin, o cümlədən Böyük Britaniya, Fransa və Almaniyanın beynəlxalq stabilizasiya korpusunda iştirakını mümkün hesab edir.

The Guardian yazır ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) planlarında təxminən 1,5 min britaniyalı və 1 min fransalı hərbçinin mina təmizləmə və yol təhlükəsizliyi üzrə missiyaya qoşula biləcəyi göstərilir. Vaşinqton həmçinin Almaniya, Niderland və digər Şimali Avropa ölkələrinin sahə hospitallarının təşkili, logistika və kəşfiyyat işlərində iştirak etməsini istəyir.

Bununla belə, qəzetə danışan mənbə bu planların real görünmədiyini bildirib. O qeyd edib ki, Əfqanıstan və İraqdakı uğursuz hərbi kampaniyalardan sonra Avropa liderlərinin Qəzzaya qoşun göndərmək istəyi çox zəifdir. Nəşr vurğulayıb ki, beynəlxalq kontingentin əsasını hər halda ərəb və müsəlman ölkələrinin hərbçiləri təşkil edəcək.