BAKI, 11 noyabr. TELEQRAF

Suriyaya qarşı sanksiyaların dayandırılmasından sonra Vaşinqton Dəməşqdən Yaxın Şərqdə dayanıqlı sülhün bərqərar olunması üçün konkret addımlar atmağı gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio "X" hesabında paylaşım edib.

"ABŞ Suriya hökumətindən keçmişin səhifəsini çevirməyə və regionda sülhün təmin edilməsi istiqamətində real addımlar atmağa çağırır. Sanksiyaların dayandırılması qərarı həm də Suriyanın iqtisadiyyatını bərpa etməsi və xarici dövlətlərlə tamhüquqlu əlaqələrini yenidən qurması istiqamətində səylərinə dəstək vermək məqsədi daşıyır", - paylaşımda deyilir.

Xatırladaq ki, noyabrın 10-da Ağ Evdə ABŞ Prezidenti Donald Tramp Suriyanın keçid dövrü Prezidenti Əhməd Şaraa ilə görüşüb.

Görüşdən sonra ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı tətbiq olunan sanksiya rejimi və ixrac nəzarəti tədbirlərinin yumşaldıldığını açıqlayıb. Sanksiyalar 180 gün müddətinə dayandırılıb. Lakin "Sezar Qanunu" çərçivəsində Rusiya və İranla aparılan əməliyyatlara dair məhdudiyyətlər qüvvədə qalır. ABŞ-nin mülki təyinatlı malları, texnologiya və proqram təminatının Dəməşqə köçürülməsinə icazə verilir.

Eyni zamanda, ABŞ Suriyanın sabiq prezidenti Bəşər Əsədə qarşı sanksiyaları dəyişməz olaraq saxlayır.