BAKI, 5 noyabr. TELEQRAF

ABŞ-nin Kentukki ştatında UPS şirkətinə məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı yeddi nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşir məlumat verib.

Onun sözlərinə görə, ölənlərin sayı arta bilər.

Qəzanın səbəbləri araşdırılır.

05:46

ABŞ-nin Kentukki ştatında yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı üç nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşir YouTube üzərindən yayımlanan mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatı davam etdikcə ölənlərin sayı arta bilər. Yaralıların hamısı yerli tibb müəssisələrinə yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır.

İlkin versiyaya əsasən, qəzanın hava gəmisinin mühərrikində baş verən yanğın səbəbindən baş verdiyi ehtimal olunur. Hadisə yerində xilasedicilər və mütəxəssislər araşdırma aparır.

***

03:01

ABŞ-ın Kentukki ştatında yerləşən Luisvill Beynəlxalq Hava Limanı yaxınlığında təyyarə qəzaya uğrayıb.

Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, qəzaya uğrayan UPS şirkətinə məxsus "McDonnell Douglas MD-11" yük təyyarəsidir.

Məlumata görə, qəza nəticəsində xəsarət alanlar var, lakin onların sayı hələ ki, açıqlanmayıb.

Luisvill polisi faktı təsdiqləyib və hadisə ilə bağlı araşdırmanın başladığını bildirib. Təyyarənin növü və qəzanın səbəbi barədə məlumat verilməyib.