BAKI, 19 avqust. TELEQRAF

Rusiya ABŞ Prezidenti Donald Tramp vasitəsilə Ukrayna ilə ikitərəfli, sonra isə ABŞ-nin iştirakı ilə üçtərəfli görüş istəyib.

Teleqraf xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski Ağ Evdə baş tutan müzakirələrdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Zelenski Putinlə "istənilən formatda" görüşə hazır olduğunu söyləyib. O, birinci görüşün necə keçəcəyindən asılı olaraq, sonrakı üçtərəfli görüşdə iştirak edəcəyini bildirib.

O, təklif olunan ikitərəfli görüşün təfərrüatını bilmədiyini deyib.

Ukrayna lideri bildirib ki, görüşmək üçün şərtlər irəli sürməyəcək, çünki bu halda Putin də öz şərtlərini irəli sürəcək.

"Mən inanıram ki, biz şərtsiz olaraq görüşməli və müharibəni sona çatdırmaq üçün bu yolun gələcək inkişafı barədə düşünməliyik", - o əlavə edib.