BAKI, 15 avqust. TELEQRAF
Alyaskada ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək sammitdə əldə oluna biləcək ən yaxşı nəticə əsas məsələlər üzrə çərçivə sazişinin imzalanması ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı və Rusiya üzrə ekspert Semuel Çarap "Der Spiegel" jurnalına müsahibəsində bildirib.
"Ən yaxşı ssenari hər iki tərəfin çərçivə sazişinə nail olmaq prosesi barədə razılığa gəlməsi olardı. Bu proses məqsədləri müəyyən etməli, iştirakçıların dairəsini dəqiq müəyyənləşdirməli və hətta mümkün müddətləri təyin etməlidir. Əlbəttə, sammit atəşkəsin əldə olunması ilə nəticələnsə, bu lap əla olar", - Çarap bildirib.
Analitik xatırladıb ki, tədbirdə təkcə iki ölkənin liderləri deyil, həm də "iki böyük dövlət aparatının rəhbərləri" iştirak edəcəklər. Onun sözlərinə görə, əgər sammit uğursuz olarsa, tərəflərin "qırıntıları toplamaq" və əlaqələri bərpa etməyə çalışmaq üçün stimulu olmayacaq.