BAKI, 6 avqust. TELEQRAF

Hamımızın uzunmüddətli və etibarlı sülhə ehtiyacı var.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığından sonra bildirib.

"Tərəfdaşlarla ortaq mövqeyimiz tamamilə aydındır: müharibə başa çatmalıdır. Bu, ədalətli son olmalıdır. Söhbətdə Avropa liderləri də iştirak etdi və mən onların hər birinə dəstəklərinə görə minnətdaram. Biz Moskvada səsləndirilən fikirləri (Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş nəzərdə tutulur - red.) müzakirə etdik", - Ukrayna Prezidenti söyləyib.

Zelenski vurğulayıb ki, Ukrayna öz müstəqilliyini mütləq qoruyacaq:

"Hamımızın uzunmüddətli və etibarlı sülhə ehtiyacı var. Rusiya özünün başladığı müharibəyə son qoymalıdır. Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edirəm".

***

21:43

ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Söhbətin təfərrüatı hələlik açıqlanmır.

***

20:12

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparır.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” Ağ Ev rəhbərinin ətrafına yaxın mənbələrə istinadən məlumat yayıb.

Portalın jurnalisti Barak Ravid X sosial şəbəkəsindəki səhifəsində yazıb: “Tramp hazırda Zelenski ilə telefonla danışır".

Nəşrin məlumatına görə, söhbət ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoffla Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada keçirilən görüş fonunda gedir.

Rusiya lideri ilə Amerika nümayəndəsi arasında dialoq üç saat davam edib.