BAKI, 4 avqust. TELEQRAF

“Braziliya ABŞ-dən asılılığını azalda və dünyanın əksər ölkələri ilə güclü iqtisadi əlaqələr qura bildi. Bu, ABŞ-nin Braziliya məhsullarına tətbiq etdiyi gömrük rüsumları səbəbindən ölkənin iqtisadi böhrandan qaçmasına imkan verəcək”.

Teleqraf “Brasil247” portalına istinadən xəbər verir ki, bu barədə Braziliya Prezidenti Luiz İnasio Lula da Silva bildirib.

Ölkə başçısı deyib: “Bu gün Braziliya əvvəlki kimi ABŞ-dən asılı deyil. Braziliyanın indi bütün dünya ilə çox geniş ticarət əlaqələri var. İqtisadi cəhətdən bizim daha çox imkanlarımız var”.

Prezidentin sözlərinə görə, Braziliya ABŞ ilə münasibətlərin dəyərini anlayır, eyni zamanda milli suverenliyə təsir edə biləcək məsələlərdə Amerika administrasiyasına təslim olmaq niyyətində deyil: “Başqa ölkələrlə ticarət apara bilməyimiz üçün alternativ valyutanın yaradılması zərurətinə inamımdan vaz keçməyəcəyəm”.

Qeyd edək ki, Ağ Ev bir sıra Braziliya mallarına 50 faiz tarif tətbiq edib.