ANKARA, 16 iyul. TELEQRAF

"15 İyul sadəcə bir gecənin deyil, bir millətin öz iradəsinə sahib çıxmasının tarixidir. Bu xain çevriliş cəhdi təkcə daxili yox, həm də xarici güclərin maraqlarını əks etdirirdi".

Teleqraf-ın Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən media proqramı çərçivəsində “15 İyul: Yaddaş, Ədalət və Gələcək” panelində çıxışı zamanı deyib.

"Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə təkcə çevriliş cəhdini deyil, eyni zamanda onu təşkil edən fətullahçı şəbəkənin beynəlxalq dayaqlarını da hədəfə aldı. Bu şəbəkə uzun illər təkcə Türkiyəni deyil, regionun sabitliyini də təhlükə altında qoymuşdu. O gecə Türkiyə Böyük Millət Məclisi və Prezident Sarayının bombalanması milli iradəyə qarşı açıq savaş idi. Bu terroru törədənlər əsgər paltarı geyinmiş xainlər idi.

Bu iki məkanın – TBMM-nin və Prezident Sarayının bir gecədə bombalanması heç də təsadüfi deyildi. Çünki bu iki məkan birbaşa milli iradəni təmsil edir. Əsrlər boyunca düşmən orduları belə parlamentlərə hücum etməyiblər. Amma FETÖ-nün zəhərli zehniyyəti bu həddi aşaraq, məhz xalqın seçdiyi məclisi bombaladı. 15 İyulda baş verənlər, çevriliş cəhdi xarici şəbəkələrin təsiri ilə hazırlanıb və FETÖ başda olmaqla beynəlxalq güclərin əlində alətə çevrilən bir struktura istinad edirdi.

FETÖ yalnız dövlətə deyil, milli iradəyə düşməndir. Onun hədəfi – silahla yox, gizli şəbəkə və xarici dəstək vasitəsilə millətin seçdiyi hakimiyyəti yıxmaq, xalqın söz haqqını susdurmaq idi. Bunu heç vaxt unutmamalıyıq.

FETÖ-nün strukturlarında yer alan şəxslər həbs edildi, istintaqa cəlb olundu, ədalət qarşısında cavab verdi.

Türkiyə hüquq dövləti olaraq, bu məsələdə qanun çərçivəsində hərəkət etdi və ədaləti təcəssüm etdirdi. FETÖ təkcə bir terror təşkilatı deyil, dövlət içində bir virus idi. Ona qarşı mübarizə də hüquqi əsaslarla və xalqın iradəsinə uyğun şəkildə aparıldı",- C.Yılmaz deyib.

Türkiyənin vitse-prezidenti onu da bildirib ki, Türkiyədə yeni konstitusiyaya ehtiyac var. Onun sözlərinə görə, bu addımla Türkiyə daha da güclənəcək və milli iradə möhkəmlənəcək.