BAKI, 9 iyul. TELEQRAF
Federal Təhqiqatlar Bürosu (FTB) Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Con Brennan və FTB-nin keçmiş direktoru Ceyms Kominin ABŞ Prezidenti Donald Trampın Rusiya ilə əlaqələrini və Moskvanın 2016-cı il seçkilərinə iddia edilən müdaxiləsini öyrənərkən yol verə biləcəyi pozuntuları araşdırır.
Teleqraf xəbər verir ki, "Fox News" telekanalı bu barədə ABŞ Ədliyyə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
FTB onların Konqresə yalan ifadə verib-vermədiyini də araşdıracaq. MKİ-nin hazırkı direktoru Con Retkliff sələfi Brennanın qanun pozuntularına dair sübutları FTB direktoru Keş Patelə təhvil verib. FTB Brennan və Kominin cinayətə ortaq olduqlarını ehtimal edir.
Bundan əvvəl “New York Post” MKİ-nin təhlil departamentinin hesabatını dərc edib. Orada Rusiyanın 2016-cı il ABŞ seçkilərinə iddia edilən müdaxiləsi ilə bağlı hesabatın çoxsaylı prosedur pozuntuları ilə tərtib edildiyi qeyd olunub. Burada siyasi motivlərin ola biləcəyi istisna deyil.
Digər məsələlərlə yanaşı, hesabatda Brennanın təşəbbüsü ilə 2016-cı il seçkiləri zamanı Amerika mediasında dərc edilən qiymətləndirməynə “Stil dosyesi”nin daxil edildiyi göstərilib. Bu dosye Rusiya ilə o zaman ABŞ prezidentliyinə namizəd olan, hazırki Prezident D.Tramp arasında sövdələşməyə dair yalan iddialardan ibarət idi. Sənəd Amerikanın “Fusion GPS” şirkəti, həmçinin Britaniyanın sabiq kəşfiyyatçısı Kristofer Stil və onun London firması tərəfindən tərtib edilib. Eyni zamanda C.Brennan bu dosyenin yekun hesabata daxil olunmasında israr edib.
2016-cı ildə ABŞ kəşfiyyat orqanları Rusiyanı Amerikadakı seçki prosesinə müdaxilədə ittiham edib. Bu barədə təhqiqatı ABŞ-nin xüsusi prokuroru Robert Müller həyata keçirib. 18 aprel 2019-cu ildə ABŞ Ədliyyə Departamenti xüsusi prokurorun seçkilərdə qalib gələn D.Trampla Rusiya arasında heç bir sövdələşmənin aşkarlamadığı etiraf olunan yekun hesabatını açıqlayıb. D.Tramp dəfələrlə Rusiya rəsmiləri ilə hər hansı qeyri-qanuni əlaqəyə dair şübhələri təkzib edib. Moskva həmçinin ABŞ seçkilərinin gedişinə təsir göstərmək cəhdləri ilə bağlı iddiaları əsassız adlandırıb.