BAKI, 21 iyun. TELEQRAF

Belarus lideri Aleksandr Lukaşenko prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanın əri Sergey də daxil olmaqla 14 məhbusun əfv fərmanını imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont məlumat verib.

Onun sözlərinə görə, bu qərar ABŞ Prezidentinin müraciətinə cavab olaraq verilib.

Əfv olunanlar əsasən xarici vətəndaşlardır: iki Yaponiya, üç Polşa, iki Latviya, həmçinin Estoniya, İsveç və ABŞ vətəndaşları. Siyahıda ekstremist və terror fəaliyyətinə görə məhkum olunmuş bir neçə Belarus vətəndaşı da var.

Eysmont vurğulayıb ki, Tixanovskinin azadlığa buraxılması qərarını prezident yalnız humanizm göstərərək, ailəni qovuşdurmaq məqsədi ilə qəbul edib.

Qeyd edək ki, 2021-ci ilin dekabrında Qrodno məhkəməsi Sergey Tixanovskini 18 il müddətinə azadlıqdan məhrum etmişdi. O, kütləvi iğtişaşlar təşkil etmək, sosial nifaq salmaq, Mərkəzi Seçki Komissiyasının fəaliyyətinə mane olmaq, ictimai asayişi kobud surətdə pozan aksiyalar təşkil etməkdə ittiham olunub.

***

18:12

Belarus Prezidenti Aleksandr Lukaşenko 14 siyasi məhbusu həbsdən azad etməyə razılaşıb.

Teleqraf xəbər verir ki, Belarus Prezidenti ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloqla görüşündən sonra bu qərara gəlib.

Azad olunanlar arasında müxalifət lideri Sergey Tixanovski, "Radıye Svaboda"nın jurnalisti İqor Karney və Moskva Musiqi və Teatr Dövlət Unversitetinin sabiq dosenti Nataliya Dulina da var.