BAKI, 21 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Tehranla münaqişəni sona qədər diplomatik üsullarla həll etməyə çalışacaq.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens deyib.

O eyni zamanda bildirib ki, D.Tramp son nəticədə İranın nüvə proqramını məhv etmək üçün əlindən gələni edəcək.

Vens "Fox News"a bildirib: "O, bacardığı qədər diplomatiyaya davam edəcəyini söylədi. Diplomatiyanın qüvvəsinin tükəndiyini, əlavə danışıqların bizi heç bir yerə aparmayacağını gördükdən sonra düşünürəm ki, Prezident İranın uranın zənginləşdirilməsi və nüvə proqramına son qoymaq üçün əlindən gələni edəcək. Prezident yekun qərarı verəcək. Fikrimcə, vaxt daralmaq üzrədir, amma prezident gözləməyin və diplomatiyanın nəticələrinin görməyin tərəfdarıdır".

Vitse-prezident əlavə edib ki, D.Tramp İranla bağlı “nə və nə vaxt edəcəyini heç kimə deməyəcək": "O, ABŞ ordusundan nə vaxt istifadə etməli olduğunu bilir".

Vens həmçinin deyib ki, İranı nüvəsiz qoymaq ABŞ-ın milli maraqlarına uyğundur.