BAKI, 9 may. TELEQRAF

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən gəmiyə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Bildirilib ki, kəşfiyyat məlumatları gəminin Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini göstərib.

Məlumata görə, əməliyyat nəticəsində iki nəfər ölüb, bir nəfər isə sağ qalıb.

ABŞ hərbçilərinin xəsarət almadığı qeyd olunub.

Cənub Komandanlığı axtarış-xilasetmə sisteminin işə salınması üçün Sahil Mühafizəsinə məlumat verildiyini açıqlayıb.

Qeyd edək ki, Pentaqon rəhbəri Pit Heqset ötən ilin noyabrında narkokartellərə qarşı “Southern Spear” (“Cənub nizəsi”) əməliyyatının başladığını elan etmişdi.