BAKI, 9 may. TELEQRAF
Pentaqon 2025-ci ilin sonunda qeydə alınmış naməlum uçan obyektlə bağlı məxfi materialları yayımlayıb.
Teleqraf xəbər verir ki, sənədlərdə ABŞ kəşfiyyatının yüksəkvəzifəli əməkdaşları və federal agentlərin dağlıq ərazidə anomal hadisələri araşdırdığı bildirilir.
Məlumata görə, helikopterlər və FLIR istilik kameraları vasitəsilə “qızmar kürə” kimi təsvir edilən obyekt müşahidə olunub.
Şahid ifadələrində qeyd edilir ki, obyekt əvvəlcə yer səviyyəsində hərəkətsiz dayanıb, daha sonra yüksək sürətlə şərqə və cənuba doğru istiqamət alıb, ardından isə iki hissəyə bölünüb.
Bildirilir ki, təqib zamanı obyekt bir neçə saniyə ərzində 32 kilometrdən çox məsafə qət edib və ABŞ aviasiyasından texniki baxımdan üstün imkanlar nümayiş etdirib.
Sənədlərdə daha sonra ABŞ hərbi təyyarələrinin yaxınlığında xaotik hərəkət edən onlarla işıq və sinxron şəkildə yanıb-sönən narıncı kürələrin müşahidə edildiyi də qeyd olunub.
Qeyd edək ki, mayın 8-dən etibarən Pentaqon naməlum uçan obyektlər və anomal hadisələrlə bağlı məxfi materialların mərhələli şəkildə yayımına başlayıb.