BAKI, 11 aprel. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 12-də türkiyəli həmkarı Hakan Fidanla Antalyada keçirilən IV Diplomatik Forum çərçivəsində görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri, xüsusilə ticarət-iqtisadi əlaqələr, enerji, maliyyə və digər sahələrdə əməkdaşlıq müzakirə olunacaq.

Bundan əlavə, strateji əhəmiyyət daşıyan “Akkuyu” Atom Elektrik Stansiyasının Türkiyədə tikintisi və "Mavi axın" ilə "Türk axını" qaz kəmərlərinin fəaliyyəti də əsas müzakirə mövzuları sırasında olacaq.

Görüşdə həmçinin Fələstin-İsrail münaqişəsində son hadisələr və bütövlükdə Yaxın Şərqdəki vəziyyət də nəzərdən keçiriləcək. Rusiya tərəfi vurğulayıb ki, Suriya məsələsində Ankara ilə sıx əməkdaşlıq önəmlidir. Moskva Suriyanın suverenliyi, ərazi bütövlüyü və birliyi prinsipini dəstəkləyir və bölgədə sabitliyin təmin olunması üçün Türkiyə ilə birgə işləməyə hazır olduğunu bildirib.