BAKI, 6 aprel. TELEQRAF.

London İsrailin iki britaniyalı deputatı ölkəyə buraxmamasından narahatdır.

Teleqraf xəbər verir ki, bunu Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Lammi deyib.

Diplomatın açıqlaması departamentin saytında yer alıb .

Krallığın Xarici işlər nazirinin bəyanatında deyilir: "İsrailə parlament nümayəndə heyətinin tərkibində getmiş iki britaniyalı deputatın saxlanılması və onların İsrail hakimiyyəti tərəfindən ölkəyə girişlərinə icazə verilməməsi qəbuledilməzdir və dərin narahatlıq doğurur".

D.Lammi əlavə edib ki, o, bu barədə İsrail hökumətinə məlumat verib və hər iki deputatla əlaqə saxlayıb. Nazir həmçinin vurğulayıb ki, Britaniya Qəzza zolağında atəşkəsi və girovların azad edilməsini dəstəkləməyə davam edir.

Qeyd edək ki, İsrail iki britaniyalı deputatı saxlayıb və nümayəndə heyətinin tərkibində ölkəyə səfər edən rəsmilərə giriş qadağan edib. Saxlanılan deputatlar Leyborist Partiyasının deputatları Yuan Yan və Abtisam Muhammeddir. Onlar "təhlükəsizlik qüvvələrinin fəaliyyətini öyrənməkdə və İsrailə qarşı nifrət yaymaqda" şübhəli bilinirdilər.