
BAKI, 22 mart. TELEQRAF
"CHP seçicilərinin tələblərini parlamentə daşıyan bir parlament deyil, gözü puldan doymayan bir qrup bələdiyyə soyğunçusunu müdafiə edən bir aparata çevrilib. CHP boğaza qədər çirkaba batıb. CHP marginal solçuların sığınacağına çevrilib".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiya - AKP-nin iftar məclisindəki çıxışında bildirib.
Onun sözlərinə görə, CHP iddialara cavab vermək əvəzində küçə terroru ilə məşğuldur: "Müxalifət nə edirsə, etsin. Təmkinliyimizi pozmayacağıq. Bizim bələdiyyələrimiz rüşvət, korrupsiya tərəfdarı olmayacaq, xalqa xidmət edəcəklər. Xalqımız CHP-nin Suriyadakı atəşi ölkəmizə daşımasına imkan vermədi. Təxribatçılar 4 gündür ki, millətimizin rahatlığını pozmaqla məşğuldur. Polislərə, müstəntiqlərə hücum edirlər. Küçə terroru ilə milli iradəyə təzyiq göstərirlər. Buradan CHP başqanına səslənirəm; nədən qorxursunuz? Niyə cavab vermirsiniz? Bir ovuc oğrunun əlində alətə çevrilən CHP-nin durumu Atatürkün partiyasının tərəfdarlarını üzür".