
BAKI, 19 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ Prezidentlərinin telefon danışığına münasibət bildirib.
Teleqraf Ukrayna mətbuatına istinadən xəbər verir ki, V.Zelenski jurnalistlərlə söhbətində məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampla hələ danışmadığını vurğulayıb.
Ukrayna liderinin sözlərinə görə, rəsmi Kiyev enerji infrastrukturuna hücumların dayandırılması təklifini dəstəkləyəcək: “Mən çox istərdim ki, Prezident Tramp Putinin nə istədiyini eşitsin və görsün. Rusiya tərəfi Zaporojye, Xarkov və Sumı istiqamətlərində bir neçə hücum planlaşdırıb. Nəyə görə? Ukraynaya maksimum təzyiq göstərmək və sonra güc mövqeyindən ultimatumlar vermək üçün”.
Zelenski əlavə edib ki, Ukrayna hərbçiləri Kursk vilayətində qalmaqda davam edirlər. Ukrayna lideri Rusiya ilə əsirlərin dəyişdirilməsi xəbərini təsdiqləyib. O, hazırda Ukrayna ordusunda ciddi silah çatışmazlığı olmadığını da vurğulayıb.